Ohanyan başının dəstəsi ilə Qarabağa gəlir: "Azərbaycan sülhməramlılara xəbərdarlıq etməlidir ki..."

16:48 12 Aprel 2022

"17 aydır müharibə bitib. 17 aydır sanki Rusiya və Ermənistan möhlət götürüblər və həmin dövrdə təxribatlarına davam edirlər. Təxribatlar iki istiqamətdə gedir: Həm hərbi, həm də ideoloji istiqamətdə. Bu gün Ermənistan parlamentində baş verən hadisə Moskvanın təhrik etdiyi, idarə etdiyi Ermənistan siyasi müxalifətinin növbəti təxribatı idi".  Bu sözləri təhlükəsizlik üzrə ekspert İlham İsmayıl SİTAT.İNFO-ya açıqlamasında səsləndirib. 

İ.İsmayıl açıqlamasında onu da bildirib ki, bu təxribata rəhbərlik edən keçmiş müdafiə naziri Seyran Ohanyan idi: "Ohanyan deyir ki, sülh müqaviləsi bağlamaq olmaz, "artsax"ı yaddan çıxartmısınız. Ona görə də, biz bu həftənin 4 iclasında iştirak etməyəcəyik və Qarabağa gedirik, ətraf rayonlara, yəni Qubadlıya, Zəngəzur bölgəsinə getmək istəyirik. Daha sonra kiçik əski parçasını da tribunadan asıb gedir. Sonra ona cavab verdilər ki, sizin hərəkətləriniz Ermənistana yaxşı heç nə vəd etmir". 

Ekspertin sözlərinə görə, Azərbaycan tərəfi ən azı xəbərdarlıq atəşi açmalıdır: "Bizim Suqovuşandan gedən maşın karvanına erməni mane olur, yanvar ayında 2 dəfə bu hadisə oldu. Rusiya sülhməramlısı da bunu təbəssümlə qarşılayır. İndi Ohanyan dəstəsi ilə gəlir. Biz nə etməliyik? Rus sülhməramlısı onu yenə təbəssümlə qarşılayacaqmı? Xeyr. Biz ən azı xəbərdarlıq etməliyik, sülhməramlıların komandanlığına xəbərdarlıq etməliyik ki, sülh danışıqları ərəfəsində Ohanyanın gəlməsi təxribat xarakterlidir , sülhə mane olur və onlara mane olmalısınız. Əks halda biz onların təhlükəsizliyinə təminat verə bilmərik. Xüsusi qeyd də olmalıdır ki, qarşı tərəfə bunu çatdırın. Hərbçilərlə bərabər diplomatlarımız da işə qarışmalı və deməlidir ki, aprelin sonunda sülh komissiyasının yaranması ərəfəsində sizin bu təxribatlarınızın mənası nədir? Məqsəd nədir ki, Ermənistan parlamentinin müxalif fraksiyaları Qarabağa gəlmək istəyir. Bu gəlişin qarşısını diplomatik şəkildə almalıyıq".

Nərgiz Liftiyeva

SİTAT.İNFO



Xəbər xətti