Elektron hökumət varsa, vətəndaşdan kağız sənəd niyə tələb edilir?

17:05 12 Aprel 2022

Ölkəmizdə elektron hökumətin inkişafına 15 ildən çoxdur ki başlanıb. Lakin hələ də dövlət xidmətlərinin göstərilməsində kağızdan imtina mümkün olmayıb. Dövlət qurumları hansısa xidməti göstərmək üçün mütləq vətəndaşdan hansısa sənədləri, hansısa arayışları və çıxarışları tələb edir. Baxmayaraq ki, bu tip məlumatlar digər dövlət qurumlarında elektron formada var, lakin inteqrasiya tam reallaşmadığından dövlət qurumları bunu kağız formada tələb edirlər. myGov və eGov Portallarından əldə edilən arayışları isə bir çox dövlət qurumları tanımaqdan imtina edir və möhürlü kağız sənədlər tələb edirlər. Dövlətə məxsus informasiya sistemlərinin inteqrasiyası ilə bağlı Prezidentin müvafiq fərmanı olsa da bir çox dövlət qurumlarında hələlik bunu başa çatdırmaq mümkün olmayıb.

Bəs görəsən, vətəndaşdan kağız formada sənəd tələb edilməsi nə vaxtadək davam edəcək ? Problem nə zaman öz həllini tapacaq?

Mövzu ilə bağlı SİTAT.İNFO-ya açıqlama verən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirdi ki, bununla bağlı Prezident İlham Əliyevin “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”nında vacib bir tədbir öz əksini tapıb: "Yeri gəlmişkən, bu Fəaliyyət Planında dövlət qurumlarının fəaliyyətində şəffaflığın daha da artırılması, korrupsiyaya şərait yaradan halların qarşısının alınması, dövlət qurumları tərəfindən əhaliyə göstərilən xidmətlərin daha da təkmilləşdirilməsi və elektronlaşdırılması ilə bağlı xeyli tədbirlər nəzərdə tutulub. Qeyd olunan problemin, xidmətlərin göstərilməsində kağızdan imtina ilə bağlı işlərin isə 2026-cı ilədək başa çatdırılması nəzərdə tutulub. 

Bu müddət ərzində Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi kağız tələb olunan xidmətiləriin “söykəndiyi” informasiya sistemlərini inteqrasiya etməlidir. Vətəndaşdan tələb olunan kağız sənədləri isə dövlət qurumlarının informasiya sistemlərindən alınan datalar əvəz etməlidir".

O.Gündüz vurğuladı ki, Dövlət Agentliyi kağız əsaslı xidmətdən data əsaslı xdimətlərə keçidi qeyd olunan tarixədək başa çatdırmalıdır: "Düşünürəm ki, adı çəkilən Fəaliyyət Proqramı nəinki birbaşa qarşıya qoyulan vəzifələrin icrasına yönəlib. Deyərdim ki , burada həm də rəqəmsallaşma, rəqəmsal transformasiyanı da sürətləndirəcək məqamlar var. Fəaliyyət Planında nəzərdə tutulan 60-dək tədbirin təxminən üçdən biri dövlət sektorunda rəqəmsallaşma ilə bağlıdır. Ümid edirəm aidiyyatı qurumlar Fəaliyyət Planında nəzərdə tutulanların vaxtında icrası üçün ciddi səy göstərəcəklər".

Səid İsaoğlu

SİTAT.İNFO



Xəbər xətti