"Hindistan Rusiyadan neft alışından imtina edib. Hindistanın nəhəng “Indian Oil Corporation” şirkəti Rusiyanın “Urals” markalı neftini almaq fikrindən daşınıb. Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başladıqdan sonra Avropaya sata bilmədiyi nefti nisbətən ucuz qiymətə Çin və Hindistana təklif etdi. Pekin və Dehli Ukrayna müharibəsinə görə Rusiyanı tənqid etməsələr də, Qərbin sanksiyalarından ehtiyat etməyə başladılar".
SİTAT.İNFO xəbər verir ki, bu sözləri politoloq, Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, Çin növbəti aylar üçün Rusiya neftinin alışıyla bağlı yeni müqavilələr imzalayıb: "Çinin ardınca Hindistan da risqə getməyib. Halbuki, Hindistan mart ayında Rusiyadan 16 milyon barel neft alımışdı. Rusiya neftindən imtina edən “Indian Oil Corporation” şirkəti mart ayında bu ölkədən 3 milyon barel neft almışdı. Rusiyanın neft şirkətləri 2022-ci ildə “Indian Oil Corporation” şirkətinə əlavə 15 milyon barel neft satmağı planlaşdırırdı".
E.Şahinoğlunun sözlərinə görə, ABŞ hər iki dövləti Rusiyadan uzaqlaşdırmağa can atır: "Vaşinqton son aylarda mütəmadi olaraq həm Pekini, həm də Dehlini Rusiya ilə iqtisadi əməkdaşlıqda ehtiyatlı olmağa dəvət edirdi. Xəbərdarlığın mahiyyəti bu idi ki, Çin və Hindistan şirkətləri sanksiya altında olan Rusiya şirkətləri ilə idxal-ixrac əməliyyatlarını davam etdirsələr, onlar da sanksiyalarla üzləşəcəklər. ABŞ prezidenti Co Baydenin bu mövzuda Hindistanın baş naziri Narendra Modi ilə telefon danışığı olmuşdu. Bayden Modidən xahiş etmişdi ki, Rusiyadan neft alışının həcmini artırmasın, Vaşinqton bunun qarşılığında Dehliyə alternativ variantlar təklif edib. Rusiya prezidenti Vladimir Putin Ukraynaya işğalçı müharibəyə başlamadan bir müddət əvvəl Hindistana səfər etmişdi. Putin Dehliyə gedərkən artıq Ukraynaya hücum edəcəyini özü üçün müəyyənləşdirmişdi və bilirdi ki, sanksiyalarla üzləşəcək. Ona görə də Kreml sahibi Dehliyə səfər etməklə gələcəkdə Avropaya sata bilməyəcəyini Hindistana satmağı planlaşdırırdı. Putinin planı alınmadı. Dehli Rusiya neftini ABŞ-la tərəfdaşlığa qurban vermək istəmir".
Politoloq vurğuladı ki, Avropanın nəhəng neft alıcısı “Vitol Group” şirkəti də Rusiya ilə əməkdaşlığa son verdiyini açıqlayıb: "Mərkəzi ofisi Cenevrədə yerləşən bu şirkət ilin sonuna qədər Rusiyadan neft almayacağını bildirib. Rusiyadan neft alışından imtina edən şirkətlər həm sanksiyalardan, həm də bank ödəmələri zamanı çətinliklərlə üzləşəcəklərindən ehtiyat edirlər. Digər tərəfdən sığorta şirkətləri Rusiyadan neft daşıyan tankerləri sığortalamaqdan imtina edirlər. Rusiyanın iri neft şirkətləri hazırki ağır vəziyyətdə nefti gizli yollarla satmağa çalışırlar. Misal üçün Rusiyanın neft daşıyan tankerləri sanksiyalardan yan keçmək üçün yerdəyişmələrini gizlətməyə çalışırlar. Ancaq bunun da üstü açılır".
Səid İsaoğlu,
SİTAT.İNFO