Xəbər verdiyimiz kimi, Azərbaycan prezidenti İlham Əliyev aprelin 12-də bu ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə inflyasiya və süni qiymət artımı məsələsinə toxunub:
"Bəzi natəmiz sahibkarlar bundan istifadə etməyə çalışırlar və heç bir əsas olmadan qiymətləri artırırlar. Amma onu da bilməliyik ki, bunun bir hissəsi idxal edilmiş inflyasiyadır. Çünki dünyada ərzaq məhsullarının və digər məhsulların qiymətinin artması, təbii ki, daxili qiymətlərə də təsir edir”- deyə dövlət başçısı bildirib.
İnflyasiyanın artması əlbəttə ki, əhalinin gəlirlərinə də mənfi təsir göstərir. Vəziyyət o həddə çatıb ki, hökumət ikirəqəmli inflyasiyanı etiraf etməklə yanaşı, ərzaq inflyasiyasını da ayrıca qeyd edir.
Bəs görəsən, inflyasiyanın artmasına səbəb olan əsas faktorlar nələrdir?
Real inflyasiya 17%-dir, yoxsa daha çoxdur?
Mövzu ilə bağlı SİTAT.İNFO-ya açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, ölkədə ərzaq inflyasiyasının 17 faiz olması böyük rəqəmdir: “Uzun zamandan sonra ilk dəfədir ki, ikirəqəmli inflyasiyanı hökumət də etiraf etmək məcburiyyətində qaldı. Əsas səbəblər isə dünyada ərzaq indeksinin sürətlə bahalaşması, Rusiyanın Ukraynaya təcavüzüdür".
İqtisadçının sözlərinə görə, eyni zamanda yerli səbəblər də var: "Məsələn, biz hələ də ərzaq təhlükəsizliyimizi tam təmin edə bilmirik. Bununla bağlı qəbul olunmuş proqramların yerinə yetirilməsində ciddi problemlər var. Yerli istehsalın artımında da problemlərin olduğu məlumdur. Bütün bunlar nəticə etibarilə ərzağın qiymətinin bahalaşmasına səbəb olur”.
İnflyasiyanın hesablanması qaydalarında müəyyən problemlərin olduğuna toxunan ekspert qeyd etdi ki, bizdə inflyasiya səbəti hesablanarkən oraya onlarla adda məhsul daxil edilir və həmin məhsulların heç də hamısının qiyməti artmır: “Əsasən qiymət artımı gündəlik istifadə olunan məhsullarda müşahidə olunur. Məsələn, kartof, pamidor, süd məhsulları və s”.
N.Cəfərli hesab edir ki, hazırda real inflyasiya 17 faizdən çox, təxminən 30-35 faiz səviyyəsindədir.
Safura Bənnayeva
SİTAT.İNFO