"ABŞ və Avropanın son bir həftədə Ukraynaya ayırdığı silah və texnikanın siyahısına və funksiyalarına baxmaq kifayətdir ki, bu müharibənin çox amansız şəkildə və hələ uzun müddət davam edəcəyini deyə biləsən.
Necə ki, ABŞ 1960-70-ci illərdə Vyetnamda təkcə Şimali Veytanamla deyil, bütün Şərq bloku ilə savaşırdı, necə SSRİ 1979-89-cu illərdə yalnız əfqanlarla deyil, Qərb və müsəlman aləmi ilə vuruşurdu, indi də Rusiya Ukraynada yalnız Ukrayna ilə deyil, bütünlüklə Qərblə vuruşur".
SİTAT.İNFO-nun məkumatına görə, bu sözləri siyasi şərhçi Kənan Rövşənoğlu deyib.
O bildirib ki, bu müharibə Rusiya üçün ağır nəticələr verəcək, üstəlik hər keçən gün nəticələr daha da ağırlaşır: "Hətta qazansa belə bu, "Pirr qələbəsi" olacaq. Nəzərə almaq lazımdır ki, Ukraynaya yeni silahlar hər gün gəlir və üstəlik yazın gəlməsi ilə yaşıllıq partizan müharibəsi üçün daha əlverişli şərait yaradır. Nizami orduların dünya təcrübəsində partizan müqavimətini qırması nadir hallarda, özü də ağır itkilərlə mümkün olur. Ukraynada isə bu çox çətin olacaq".
K.Rövşənoğlunun fikrincə, ruslar indi Ukraynanı böyük meydan müharibəsinə çəkmək və burda ağır məğlubiyyətə uğratmaqla hərbi və psixoloji üstünlüyü təmin etməyə çalışırlar: "Bu rusların cəbhədə vəziyyəti dəyişmək üçün yeganə ümid yeridir.
Amma Ukrayan tərəfi hələlik bu böyük toqquşmadan yayınmağa çalışır. Çünki bu şəkildə aparılan müharibə Ukrayna üçün əlverişlidir, böyük meydan müharibəsi isə Ukrayan üçün ağır nəticəlrə doğura bilər".
Səid İsaoğlu
SİTAT.İNFO