"Türkiyənin İraqın şimalında PKK terror təşkilatını tamamilə məhv edəcək planının detalları açıqlanıb.Türkiyə uzun illərdir Suriya və İraqın şimalını terrorçulardan təmizləmək uğrunda mübarizə aparır. Hətta bəzi dövlətlərlə buna görə təzadlar da yaranır. Xüsusilə də ABŞ-la. ABŞ nə qədər desə də ki, biz terrorla mübarizə aparırıq, əslində Yaxın Şərqdə Türkiyənin bu addımlarına mane olur".
Sitat.info xəbər verir ki, bu sözləri siyasi şərhçi Kənan Novruzov deyib.
Onun sözlərinə görə, bu məlumat yayılmazdan əvvəl Türkiyənin müdafiə naziri Yaşar Güler yeni əməliyyatların anonsunu verib. Görünür ki, yeni əməliyyatlar başlayacaq:
"Ehtimal edirəm ki, bu əməliyyatlar daha radikal olacaq. Ərdoğanın İraqa təşkil olunan səfəri də onu deməyə əsas verir ki, Türkiyə öz sərhədlərini tamamilə terrorçulardan təmizləməkdə iddialıdır".
K. Novruzov bildirib ki, daha əvvəl də prezident Ərdoğan deyib ki, mart ayında keçiriləcək bələdiyyə seçkiləri mənim üçün son vəzifədir:
"Yəqin ki, 2028-ci ildə keçiriləcək növbəti seçkiyə Qədər Ərdoğan hakimiyyətdə qalacaq. Görünən odur ki, Ərdoğan hakimiyyətdən gedənə qədər Türkiyəni terror bəlasından tam azad etmək iddiasındadır. Türkiyənin bunun üçün kifayət qədər hərbi gücü var. Lakin bunun üçün bir sıra siyasi maneələr var. Bu maneələr də əsasən ABŞ-la bağlıdır. Görünür ki, Türkiyə qarşıya qoyduğu bu məqsədi yerinə yetirməkdən ötrü ABŞ-la da təmasları gücləndirib onu neytrallaşdırmalıdır. Çünki Türkiyə terrorla mübarizə apardıqca, ABŞ buna daha radikal cavab verə bilər. İraqla razılaşmalar da mümkündür. Ehtimal ki, bu razılaşmaların tam detalları açıqlanmayacaq".
Siyasi şərhçi Kənan Novruzov,
Xüsusi olaraq Sitat.info üçün.