Rusiyaya etiraz notası verilməlidir – Üzeyir Cəfərov

18:50 18 Aprel 2022

Rusiya Azərbaycana heç vaxt müttəfiq olmayıb, hazırda da müttəfiq deyil. Çünki Rusiya Azərbaycana heç vaxt hörmətlə yanaşmayıb. Rəsmi dövlət qurumlarımız olan Azərbaycan Müdafiə Nazirliyinin və Xarici İşlər Nazirliyinin dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, bunlar hələ də öz təxribatlarını davam etdirirlər.

Bu sözləri Axar.az -a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov Rusiya MN-in sülhməramlıların fəaliyyəti ilə bağlı açıqlamalarında Azərbaycanda mövcud olmayan inzibati ərazilərin adını çəkməsi - “dağlıq qarabağ”, “mardakert”, “martuni”, “stepanakert” və s. – eyni zamanda, toponimləri ermənicə adlandırması haqda danışarkən deyib.

Polkovnikin sözlərinə görə, Rusiyaya etiraz notası verilməli, Azərbaycan mətbuatı adekvat addımlar atmalıdır:

“Dəfələrlə onlara deyilib ki, Azərbaycanda “dağlıq qarabağ” adında inzibati qurum və ya ərazi vahidi yoxdur, “mardakert” yoxdur, “martuni” yoxdur, “stepanakert” yoxdur. Amma təəssüflər olsun ki, yenə eyni əməllər davam etdirilir. Ona görə günü bu gün XİN Rusiyanın ölkəmizdəki səfiri Mixail Boçarnikovu dəvət etməli və ona etiraz notası verməlidir. Ölkəmizin mətbuatına çağırışım isə odur ki, bundan sonra xəbərlərdə Sankt-Peterburq yerinə Leninqrad, Yekatirinburq yerinə Sverdlovsk və s. adlardan istifadə edək. Mediamızın onlara cavabı yalnız bu formada ola bilər.

O ki qaldı onların tərbiyəsizliyi məsələsinə, bizdə atalar sözlərindən birində deyildiyi kimi, “qozbeli ancaq qəbir düzəldər”. Rusiya da düzəlmək istəmir və düzəlməyəcək. Rusiya hər zaman Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik edib”.



Xəbər xətti