"Nikol Paşinyan Kremldə Rusiya prezidenti Vladimir Putinlə görüşdən bir gün əvvəl İrəvanda Qarabağ separatçılarının lideri Araik Arutunyanla və separatçıların “Təhlükəsizlik Şurasının sədri” Vitaliy Balasanyanla görüşüb. Rusiya və Ermənistan saytlarının məlumatına görə, Araik Arutunyan Paşinyandan tələb edib ki, Ermənistanın baş naziri “Qarabağın müstəqillik” mövqeyindən geri çəkilməsin".
SİTAT.İNFO xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, Nikol Paşinyan adətən səfərlərdən sonra Qarabağ separatçılarını lideriylə görüşüb onların mövqeyini nəzərə aldığını söyləyərdi, bu dəfə isə Paşinyan səfərdən əvvəl separatçıların lideri ilə görüşüb: "Paşinyan Rusiyaya səfər etmədən əvvəl nədən separatçılarla görüşüb? Axı Qarabağla bağlı aralarında fikir ayrılığı var. Görünür, Paşinyan bu yolla xarici auditoriyaya mesaj göndərmək istəyir ki, onu Azərbaycanla sülhün əldə edilməsi məsələsində çox sıxmasınlar, çünki Qarabağ separatçıları ona təzyiq edir".
Politoloq vurğuladı ki, Qərb mövqeyini dəqiqləşdirib, indi növbə Rusiyadadır: "Brüssel Paşinyana öz sözünü deyib: “Azərbaycanın ərazi bütövlüyünü tanı, Qarabağla bağlı “status” tələbindən əl çək”. Moskva da Paşinyana eynisini desə, məsələni bitmiş hesab etmək olar. Ancaq Kremlin gərgin münasibətlərdə olduğu Brüsselə eynisini deyəcəyi ehtimalı azdır".
Səid İsaoğlu,
SİTAT.İNFO