"Kreml Azərbaycan-Ermənistan münasibətlərinin tək və əsas moderatoru olmaqda israrlıdır. Brüsselin, Avropa Birliyinin bu məsələdə aktivliyindən qıcıq olur. Amma, Moskvanın indiki beynəlxalq mövqeyini, izolyasiyasını nəzərə alaraq onu demək olar ki, Kreml təkbaşına bu işi bacarmayacağını da anlayır".
SİTAT.İNFO xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli deyib.
Onun sözlərinə görə, bu məsələdə Türkiyə faktoru çox önəmlidir:" Azərbaycan və Türkiyə xarici siyasətdə, beynəlxalq və regional məsələlərdə, futbol dili ilə desək, “paslaşaraq” qərarlar alırlar, bunun nəticəsində bəzən rəsmi Ankara, bəzən isə rəsmi Bakı “qol” vurur. Yəni, sıx koordinasiya və maraqların tam uyğunlaşdırılması prosesini izləyirik və bu çox doğru addımlardır. Bu gün Türkiyə Kreml üçün vazkeçilməz “nəfəslikdir”, bunu Moskva dəqiq görür və anlayır. Türkiyə sanksiyalara qoşulmamaqla, hava məkanını açıq saxlamaqla, Rusiyanın ehtiyacı olan, amma birbaşa sanksiyalara tuş gəlməyən sahələr üzrə təhcizatçı olmaqla Moskva üçün önəmi dəfələrlə artıb, önəm artdıqca Rusiyanın Türkiyədən asılılığı da artır. Yəni, Kreml bu gün bölgə ilə bağlı istədiyi ssenariləri həyata keçirməkdən çəkinməsinin əsas səbəbi AB deyil də, məhz Türkiyədir".
Alternativ Laçın yolu haqqında danışan ekspert bildirib ki, hazırda Ermənistanda isterika yaşanır: "Çünki may-iyun aylarında alternativ yolun açılışı gözlənilir. Bu çox vacib addımdır, həm 10 noyabr anlaşmasında yer alıb deyə Rusiya və Ermənistan gedişata mane ola bilmir, həm də Azərbaycan çox sürətlə işləri aparır deyə Ermənistan reaksiya verməyə belə gec qalırlar. Alternativ yolun özəlliyi bir tək Laçın şəhərinin tam bizim nəzarətə keçməsi deyil, həm Ermənistanın “laçın koridoru” (yeri gəlmişkən, “koridor” ifadəsini tərgidək, onun əvəzinə ancaq “yol” ifadəsi işlədək) adlandırdığı köhnə yoldan Xankəndinə müxtəlif kommunikasiya xəttləri gedir – işıq, qaz, internet və s. Yeni yolda isə bu kommunikasiya xəttləri olmayacaq, Xankəndi şəhərimizin bütün təminatını özümüz həyat keçirəcəyik. İndi yeni yol üçün Həkəri çayı üzərindən yeni körpü tikilir. Yaxınlıqda yerləşən kəndlərdən birinin sakini Sarkisyan təəccüblə deyib ki, elə bil Bakının yarısı burada işləyir, çox sürətlə çalışırlar, yəqin 1 aya işləri tamamlayacaqlar.