Böyük qayıdış niyə gecikir - Vüqar Bayramov DANIŞDI

17:54 20 Aprel 2022

44  günlük vətən müharibəsi dövlətimizin möhtəşəm qələbəsi ilə bitdi və ardınca işğaldan azad olunan ərazilərdə sürətli quruculuq işlərinə başlanıldı. Bu gün həm torpaqlarımızın minalardan təmizlənməsi , həm də o ərazilərdə infrastrukturun bərpası, strateji obyektlərin tikilməsi, yaşayış məntəqələrinin salınması istiqamətində iş aparılır. Ötən ilin sonunda artıq fevral ayında ilk köçün həyata keçiriləcəyi desə də, ilin ilk rübünün yekunlaşmasına baxmayaraq bu baş tutmadı. 

İndi hamını bu sual düşündürür: işğaldan azad olunmuş ərazilərimizə “Böyük Köç” nə vaxt olacaq və proses niyə bu qədər gecikir?

Mövzu ilə bağlı SİTAT.İNFO-ya açıqlama verən deputat Vüqar Bayramov bildirir ki, azad olunmuş ərazilərimiz işğal müddətində tamamilə dağıdılıb və minalanıb: "Həmin ərazilərdə çoxlu sayda minalar var. Təkcə mənim parlamentdə təmsil etdiyim Füzuli rayonunda 80 minə yaxın minanın olduğu güman edilir". 

Ərazilərimizin azad olmasından qısa zaman keçməsinə baxmayaraq çox böyük işlər görüldüyünü vurğulayan deputat deyib ki, ilk növbədə yol-nəqliyyat infrastrukturu genişləndirilib: "700 km-dən artıq yol salınıb, təmir olunub. Əsas şəbəkələr, xüsusən də elektrik şəbəkələri artıq formalaşdırılıb. Digər yardımçı şəbəkələrin formalaşdırılması istiqamətində də işlər gedir. Zəngilan rayonunda “Ağıllı kənd” artıq hazırdır və yaxın zamanda məskunlaşma başlanacaq. Bütövlükdə böyük qayıdışın 2022-ci ildə reallaşacağı gözlənilir".

Vüqar Bayramov ikinci ağıllı kəndin Füzulinin Dövlətyarlı kəndində inşa olunacağını qeyd etdi: “Bu prosesə  yaxın zamanda başlanılacaq. Eyni zamanda Zəngilan, Ağdam rayonlarında da ağıllı kəndlərin inşa edilməsi qərarlaşdırılıb. Ümumiyyətlə bir neçə rayonun baş planı artıq hazırdır və digərləri də hazırlanır".

Deputat köçürülmə işlərinin uzanmasının səbəbini isə belə izah etdi: “Ermənilər tərəfindən dəymiş ziyan çox böyük olduğundan bu prosesin uzun zaman alması təbii haldır. Minaların təmizlənməsi, ərazilərdə bərpa işlərinin görülməsi, infrastrukturun qurulması çox vaxt tələb edən prosesdir".

Deputat son olaraq azad olunmuş ərazilərdə quruculuq işlərinə dövlət tərəfindən ayrılan büdcənin miqdarını açıqlayaraq, həmin maliyyənin kifayət edəcəyini bildirdi: “2021-2022-ci illərdə dövlət büdcəsindən bu işlərin görülməsi istiqamətində 4.4 milyard manat vəsaitin ayrılması nəzərdə tutulub. Azərbaycan bu vəsaiti yalnız öz hesabına ayırır, xaricdən vəsait əldə etmir. Dövlət büdcəsinin mövcud imkanı nəticə etibarilə işğaldan azad edilmiş ərazilərin bərpası üçün yetərlidir. Proses gözləniləndən daha intensiv gedir. Amma məskunlaşma zaman alacaq. Əminliklə deyə bilərəm ki, çox yaxın zamanda məskunlaşma həyata keçiriləcək".

Safura Bənnayeva

SİTAT.İNFO



Xəbər xətti