"Aİ 92 və dizelin bahalaşması üçün heç bir iqtisadi əsas yoxdur" - Natiq Cəfərli

14:20 27 İyun 2024

"Aİ92 və dizel yanacağının qiymətinin artması üçün heç bir iqtisadi əsas yoxdur. Neft ölkəsiyik, xammalı xaricdən almırıq, yerli istehsalımız var. Neftin qiyməti dünya bazarında ilin əvvəlindən bəri artmayıb, 80-85 dollar koridorunda sabitləşib".

Bu sözləri Sitat.info-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.

 O bildirib ki, dəbdə olan “ekoloji problemlər” mövzusunu işin içinə qatıb qiymət artımına “qlamur” don geydirmək də doğru deyil: "Ekoloji həssaslığımız, avtomobil parkını yeniləmək istəyimiz, elektrik və hibrid maşınlara keçidi sürətləndirmək arzumuz varsa, o zaman geniş təşviq proqramı qəbul edilməli, keçid orqanik və təbii yolla baş verməlidir. Bu gün elektrik və hibrid maşınlarına güzəştlər yetərli deyil, son 3 ildə istehsal olunan avtomobillərə şamil edilir – yeni avtomobillər isə bahadır, vətəndaşın alım gücünə uyğun deyil. Elektrik avtomobillərinin iş prinsipi eynidir – 10 il əvvəl buraxılan da, dünən istehsal edilən də eyni prinsiplə işləyir. O zaman nədən il məhdudiyyəti qoymalıdır ki?! İllah məhduduyyət istəyirsinizsə, yürüş məsafəsi ilə tənzimləmək olar – məsələn, 100 min km yürüşə qədər olan elektrik avtomobillərinə 0 rüsum, 0 vergi, 0 aksiz tədbiq edin, camaat da alsın, gətirsin. Lap tutalım ki, elektrik avtomobilləri artdı, yaxşı, buna uyğun infrastruktur varmı, niyə yaradılmır, nədən artmır?! Regionalrda, ümumiyyətlə infrastruktur yox dərəcəsindədir – bütün bunları edin, təşviqi gücləndirin, sonra deyin ki, məsələn, dizel ziyanlıdır, qiymətini qaldırırıq ki, ekologiyaya ziyan olmasın".

N.Cəfərli hesab edir ki, hətta  bu da məntiqli deyil, çünki ölkədə aqrar sahə və logistika dizellə çalışır: "Siz elektriklə işləyən traktor, kombayn alacaqsız, yükdaşıma məsələsini necə həll edəcəksiniz?! Aqrar sektorda istehsal olunan mallarda maya dəyərinin 40%-ni, yük və sərnişin daşımalarda 20%-ə yaxınını yanacaq xərcləri tutur. Yaxşı, dizelin qiymətini artırdız, bəs düşünmürsünüz ki, aqrar məhsulların qiyməti artacaq, ərzaq bahalaşacaq?!"

İqtisadçı hesab edir ki, seçkidən sonra qiymət artımları başlaya bilər: "Seçkilər gəlir, ola bilsin ki, seçkidən öncə qiymət artımları olmasın. Amma bbu seçkilərdə hökumətə güclü və aydın şəkildə, “dəyişin, islahat aparın”, mesajını verməsək, kommunal xidmətlər, ictimai nəqliyyat, yanacaq – bir sözlə hökumət tərəfindən tənzimlənən bütün sahələrdə qiymət artımı olacaq, sonra da manat da ucuzlaşacaq". 

Məğrur,

Sitat.info



Xəbər xətti