Son artımların inflyasiyaya real təsirlərini payızda daha aydın görəcəyik - İqtisadçı

11:47 4 İyul 2024

"Yanacağın və ictimai nəqliyyatda daşımaların qiymətindəki artımların qarşıdakı dövrdə inflyasiyaya real artırıcı təsiri nə qədər olacaq? Bu təsiri proqnozlaşdırmaq üçün 2 göstərici barədə məlumata sahib olmalıyıq".

Sitat.info xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Rövşən Ağayev deyib.

O bildirib ki, ailə büdcələrində yanacağa və ictimai nəqliyyata çəkilən xərclərin payı təxminən 10 faizdir: "Rəsmi statistika bunu 7% ətrafında göstərir. Amma mən özümün, ətrafda olan müxtəlif insanların məlumatları əsasında hesablama apardım, bu göstərici 10%-i aşır. Bu o deməkdir ki, bilavasitə şəxsi avtomobilə görə yanacağa və ictimai nəqliyyata sərf olunan ailə xərclərinin artımına görə iqtisadiyyat əlavə 1% inflyasiya görəcək".

R.Ağayev əlavə edib ki, yanacağın bahalaşmasının istehsal xərclərinə təsiri hesabına istehlak mallarının bahalaşmasından yaranan izafi inflasiya da nəzərə alınmalıdır: "Bunu proqnozlaşdırmaq çox çətindir. Çünki, məsələn, dizel yanacağının 25% artımının kənd təsərrüfatı məhsullarının qiymətinə,  yaxud benzinin 10%, dizelin 25% bahalanmasının daşımalar vasitəsilə məhsulların qiymətinə hansı miqyasda ötürüləcəyi bəlli deyil. Rəsmi statistikada istehsal xərclərinin strukturunda yanacağın xüsusi çəkisi barədə məlumat açıqlanmır. Eləcə də digər sahələr üzrə istehlak mallarının daşınmasında yanacağın payı açıq informasiya deyil. Hökumətin son qiymət artımlarının inflyasiyayaradıcı real təsirləri payıza doğru daha aydın görünəcək".

Seymur,

Sitat.info



Xəbər xətti