Ermənistan Rusiyanı ABŞ-yə dəyişir - ANALİZ

17:45 4 İyul 2024

Son dövrlər ABŞ-la Ermənistan arasında danışıqlar, qarşılıqlı səfərlər, məsləhətləşmələr getdikcə artır. Təbii ki, bu tendensiyanın müəyyən səbəbləri var. Okeanın o tayından rəsmi Vaşinqtonun heç bir resursu olmayan, dövlət borcu günü-gündən artan, iqtisadiyyatı sıfır səviyyəsində olan kiçik Qafqaz dövlətinə bu qədər marağı müəyyən məqsədlərə xidmət edir. Dəfələrlə qeyd edildiyi kimi, Ştatların əsas marağı erməni dövlətini Rusiyanın caynağından qoparmaq, İrana yaxın ərazidə mövqe tutmaq və biolaboratoriyalarını daha da çoxaltmaqdır. Amma bununla yanaşı, ABŞ-ın Cənubi Qafqaz regionuna son illər artan marağının başqa bir səbəbi də Zəngəzur dəhlizi ilə bağlı söhbətlərin aktuallaşması və aktivləşməsidir. Dəniz yollarına nəzarəti ələ alan Ağ Ev son illər quru yolları ilə də ciddi şəkildə maraqlanmağa başlayıb.

Ard-arda gələn “qonaqlar”

Yaxın günlərdə isə Ermənistanın paytaxtı İrəvan yenidən ABŞ nümayəndə heyətini qəbul edib. Bu dəfə Birləşmiş Ştatların Konqresinin nümayəndə heyəti İrəvana təşrif buyurub. Rocer Uikerin başçılıq etdiyi heyətə hər iki partiyanın nümayəndələri daxil edilib. Cəmi bir neçə həftə əvvəl isə ABŞ dövlət katibinin köməkçisi, sonra isə dövlət katibinin müavini də baş nazir Nikol Paşinyana baş çəkərək müəyyən mövzuları müzakirə etmişdi. Düzdür, mətbuata görüş və müzakirə ilə bağlı müəyyən xəbərlər çıxsa da, bağlı qapılar arxasında hansısa ciddi söhbətlərin getdiyini ehtimal etmək olar. Çünki belə yüksək səviyyəli nümayəndə heyətinin səfərləri boş yerə həyata keçirilmir. Paşinyan isə bu görüşdən ilhamlanaraq, Ermənistan-ABŞ münasibətlərinin səviyyəsini əhəmiyyətli dərəcədə yüksəltmək qərarına gəlib. Hətta ilin sonuna kimi iki ölkə arasında münasibətlərin strateji dialoqdan strateji tərəfdaşlıq səviyyəsinə yüksəldəcəyini bildirib. Yəni, İrəvan-Vaşinqton münasibətləri ABŞ-Gürcüstan münasibətləri ilə eyni səviyyədə olacaq. Bu isə o mənaya gələcək ki, Paşinyan rəsmən Ermənistan-Rusiya strateji münasibətlərini baltalayacaq, KTMT kimi qurumdan çıxacaq və RF-nin hərbi bazasının ölkə ərazisindən çıxarılması zaman məsələsinə çevriləcək.

Bu isə təbii ki, Rusiya və İranın nəzərindən yayınmır. Düzdür, rəsmi Tehran bu məsələdə susqunluq nümayiş etdirsə də, rəsmi Moskva ard-arda kəskin bəyanatlar səsləndirir.

Əslində nə baş verəcək? Baş nazir ABŞ-la olduqca qeyri-müəyyən münasibətlər qurmaq naminə Ermənistan-Rusiya təhlükəsizlik sistemini çökdürəcək. Xatırlatmaq lazımdır ki, 2008-ci ildə amerikalılar gürcüləri dəstəkləmək üçün formal bir addım belə atmayıblar. Bu isə onların nə dərəcədə etibarlı tərəfdaş olduğunu ortaya qoyur.

Paşinyanın fəxr etdiyi dostları

Amerika nümayəndə heyətinə həmçinin Helsinki Komissiyasının sədri Co Vilson, Senatın Xarici Əlaqələr Komitəsinə sədrlik edən həmsədr senator Ben Kardin, həmçinin senator Con Kornin, nümayəndələr Robert Aderholt, Riçard Hudson və Trent Kelli daxildir.

Qeyd etmək yerinə düşər ki, nümayəndə heyətinin rəhbəri Rover Uikerin Pentaqonla birbaşa əlaqəli olması diqqətdən yayınmayıb.

Sözügedən şəxs eyni zamanda Senatın Silahlı Qüvvələr Komitəsinin yüksək səviyyəli üzvüdür. Respublikaçı senator hələ Ukrayna müharibəsindən əvvəl Rusiyaya qarşı nüvə hücumu ilə bağlı çağırış etməsi ilə “məşhurlaşıb”. O, 2021-ci ilin dekabr ayında “Fox News”a müsahibəsində bildirib ki, prezident Co Bayden ilk növbədə Ukraynaya qarşı düşmənçilik hərəkətlərinə görə, rus dövlətinə qarşı nüvə silahından istifadə etməyi düşünməlidir. Bu şəxsin qatı rus düşməni olduğunu nəzərə alsaq, İrəvana hansı məqsədlə səfər etməsi, Paşinyanla hansı söhbətləri aparması gün kimi aydın olur. Maraqlıdır ki, Nikol bu şəxslə dostluq etdiyini fəxrlə bildirir. Elə bu tip fiqurlarla dostluğuna görə də, Azərbaycan tərəfi haqlı olaraq, sülh sazişinin imzalanması ilə bağlı konkret tələblər ortaya qoyur və onlar reallaşmadan heç bir müqaviləni imzalamayacağını bəyan edir.

AES məsələsi

Haşiyə də olsa, qeyd etmək yerinə düşər ki, səfərlə paralel olaraq, Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan qeyd edib ki, hazırda rəsmi Vaşinqtonla Atom Elektrik Stansiyasının inşası ilə bağlı ciddi irəliləyiş var. Bu isə Rusiyaya qarşı yeni bir həmlə kimi dəyərləndirilməlidir. Çünki bir müddət əvvəl “Rosatom” şirkəti Ermənistanda yeni stansiyanın qurulacağı ilə bağlı açıqlama vermişdi. Qriqoryanın bu çıxışı isə, sözügedən məsələ ilə bağlı rəsmi Moskvanı oyundan kənar qoymaq kimi dəyərləndirilməlidir.

O'Brayen İrəvan və Bakıya səfərləri

Digər maraqlı görüş isə yüksək ranqlı Ağ Ev rəsmisinin səfəri ilə bağlıdır. ABŞ dövlət katibinin köməkçisi O'Brayen 9-12 iyun tarixlərində Ermənistanda səfərdə olub. Səfər çərçivəsində baş nazirlə görüşüb, “Azatutyun” radiosuna müsahibə verib. Maraqlıdır ki, amerikalı rəsminin müsahibəsi əsasən dəhliz məsələsinə aid olub və qeyd edib ki, hazırda bu məsələ aktualdır, bir neçə il sonra vacib olmaya bilər. İndi əla vaxtdır.

Çıxışdan da məlum olduğu kimi, rəsmi Vaşinqton dəhliz məsələsində tələsir və bu işlə bağlı İrəvana təzyiq edir. Eyni zamanda, bir neçə il sonra o qədər də vacib olmaya bilər deməklə, Paşinyana eyham vurur ki, işi çox qısa müddətdə reallaşdırmaq lazımdır. Əks halda erməni dövləti üçün gec ola bilər. Ağ Evin məqsədi isə marşrut üzərində yerləşən ölkələrdə Rusiyanın təsirini azaltmaqdır.

O'Brayen Ermənistandan sonra Bakıya da səfər edib. O, Prezident İlham Əliyevlə görüşərək, Azərbaycan və Ermənistandan keçəcək, Mərkəzi Asiyanı Avropa ilə birləşdirən dəhliz məsələsini müzakirə edib. Çıxışında isə qeyd edib ki, konkret problemin çıxış yolu dəhlizin Azərbaycandan keçməsidir. Artıq sülh zamanıdır və bu layihə reallaşmalıdır.

Göründüyü kimi, ABŞ dövlət katibinin köməkçisi İrəvan və Bakıda əsasən dəhlizdən danışıb. Amerikalıların nöqteyi-nəzərindən problem həllinə o qədər yaxındır ki, Əliyev və Paşinyan iyulun 7-də Vaşinqtonda keçiriləcək NATO sammitinə dəvət olunurlar və bu görüş zamanı onlar üçtərəfli görüş təşkil etmək və dəhliz məsələsi problemini həll edəcək sənəd imzalamaq niyyətindədirlər.

O`Brayenin Bakı və İrəvan səfərlərindən sonra ABŞ dövlət katibi Antoni Blinken Azərbaycanın bu məsələdə həlledici rola malik olduğunu vurğulayıb. Bu çıxışdan da məlum olur ki, amerikalı diplomatlar dəhlizin açılması ilə bağlı Paşinyanın razılığını ala biliblər. İndi məsələ rəsmi Bakının hansı şərtlər əsasında layihəyə qol qoyması olacaq. Bu səbəbdən də Blinken Azərbaycanın rolunu vurğulamaqdan çəkinmir.

İşin maraqlı tərəfi odur ki, erməni baş nazirin bir müddət əvvəl “Sünikdən keçən yola qismən nəzarət xarici təşkilata həvalə oluna bilər” fikrinin məhz rəsmi Bakının xoşuna gəlmədiyi ehtimal edilir. Çünki bu açıqlamadan sonra belə bir nəzarətin Qərb şirkətləri tərəfindən həyata keçirilə biləcəyi ilə bağlı təbliğat xarakterli tezislər aktiv şəkildə artmışdı. Belə bir gündəmin irəli sürülməsi təbii ki, Azərbaycanla yanaşı, Rusiyanın və İranın da qıcıqlanmasına səbəb ola bilər. Çünki regionda əlavə xarici oyunçuya ehtiyac olmadığı həm rəsmi Bakı, həm də rəsmi Moskva tərəfindən dəfələrlə səsləndirilmiş fikirdir. Bu gün dediyini sabah təkzib edən Nikol isə təhlükəsizlik xidmətinin balansında sərhəd xidmətinin yaradıldığını, yollara nəzarətin onlar tərəfindən həyata keçiriləcəyini də bəyan edib. Bu isə “tutar qatıq, tutmaz ayran” prinsipi ilə hərəkət edən Paşinyan üçün yaxşı nəticələnməyə bilər. Təbii ki, dəhlizdən pay uman Rusiya Ermənistana qarşı müxtəlif təzyiq alətlərini işə sala bilər. Erməni baş nazir isə Qərbin, xüsusən də Ağ Evin direktivləri ilə hər vəchlə rəsmi Moskvanı regiondakı meqalayihədən kənar qoymağa çalışır. Rəsmi Vaşinqton isə bir daha vurğulayır ki, layihənin reallaşmasında əsas rol Azərbaycana məxsusdur. Bu isə bir daha sübut edir ki, regionda Bakının iştirakı olmadan heç bir layihənin reallaşa bilməyəcəyi fikrini dünyanın hegemon dövləti Birləşmiş Ştatlar da qəbul edir və prezidenti səviyyəsində dilə gətirir.

Report



Xəbər xətti