"İranda seçkinin nəticəsi bəlli olduqdan dərhal sonra Azərbaycan Prezidenti İlham Əliyevin İranın yeni seçilmiş Prezidenti Məsud Pezeşkianı Azərbaycana səfərə dəvət etməsi yerində idi. Azərbaycanlının İranın dövlət başçısı seçilməsi iki ölkə arasındakı münasibətlərə yeni nəfəs verə bilər".
Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
O bildirib ki, eyni millətin rəhbərləri yaxın olmağa çalışmalıdırlar: "Bu fürsətdən yararlanmaq Pezeşkianın əlindədir. Əlbəttə, ali dini lider və onun ətrafı, o cümlədən SEPAH yeni prezidentin daxili və xarici siyasətdəki təşəbbüslərinin qarşısını almağa çalışacaqlar. Əngəllərə baxmayaraq, Pezeşkianın birinci xarici səfərini Azərbaycana və ya Türkiyəyə etməsi bölgədə canlanma yaradacaq".
E.Şahinoğlunun sözlərinə görə, bu İran üçün də faydalıdır: "Məzhəbçilik üzərindən başqa dövlətlərin daxili işlərinə qarışmaq, maraq qrupları formalaşdırmaq, onları maliyyələşdirmək və silahlandırmaq İranın gələcəyinə və qonşularıyla münasibətlərinə yaxşı heç nə vəd etmir".
Məğrur,
Sitat.info