"Məsud Pezeşkian Prezident seçilikdən sonra xarici siyasətlə bağlı ilk açıqlamasında İranın Hizbullahı və regionda müqavimət hərəkatını (Həmas, husilər və digərləri nəzərdə tutulub) dəstəkləməyə davam edəcəyini bildirib. O, dirəniş hərəkatına dəstəyin İranın əsas siyasəti olduğunu bildirib: “İran hər zaman regionda sionist rejimə qarşı xalqların dirənişini dəstəkləyib. Əminəm ki, regiondakı dirəniş hərəkatı İsrail rejiminə imkan verməyəcək ki, Fələstin və digər ölkələrinə qarşı cinayətkar siyasətini davam etdirsin”.
Məsud Pezeşkian bu açıqlamasıyla ali dini lider və onun ətrafını, o cümlədən SEPAH-ı sakitləşdirib ki, onların bu siyasətinə qarışmayacaq".
Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq, Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.
O bildirib ki, Məsud Pezəşkian ilk gündən ehtiyatlı olmalı, “qırmızı çizgiləri” aşmamalıdır və bu bəlli olan məsələdir: "İsraillə münasibətlər və Hizbullaha dəstək İran rejiminin “qırmızı cizgisinin” bünövrəsini təşkil edir. Buna baxmayaraq, Məsud Peşezkian gələcək açıqlamalarıyla ABŞ və Avropa İttifaqının İrana yönəlik nəbzini yoxlamağa çalışacaq. İranın buna ehtiyacı var".
E.Şahinoğlu hesab edir ki, Türkiyə və Azərbaycanın da Pezeşkiandan gözləntiləri var: "Aydındır ki, Məsud Pezeşkian bu istiqamətlərdə də “qırmızı çizgiləri” tam adlamayacaq, ancaq heç olmazsa, münasibətlərin normallaşmasına, gərginlik yaradan məsələlərin həllinə çalışmalıdır. Bu da olmasa, o keçmişdə dediklərindən faktiki imtina etmiş olacaq".
Məğrur,
Sitat.info