HƏMAS lideri Haniyə: Netanyahu atəşkəs və məhbus mübadiləsi razılaşmasına mane olur

15:41 14 İyul 2024

HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə, İsrailin baş naziri Benyamin Netanyahunun Qəzzada atəşkəs və məhbus mübadiləsi razılaşmasının əldə olunmasına maneələr yaratdığını bildirib.
HƏMAS-ın verdiyi açıqlamada, İsrail ordusunun Qəzza zolağında didərgin düşmüş fələstinlilərin sığındığı Xan Yunus şəhərinin Əl-Məvasi bölgəsinə hücumundan sonra Haniyənin vasitəçilər və bəzi bölgə ölkələri ilə əlaqə saxladığı bildirilib.

Sitat.info xəbər verir ki, ötən gün İsrail ordusunun Əl-Məvasi bölgəsində həyata keçirdiyi hücumda ən azı 90 nəfər ölüb, 300 nəfər yaralanıb.

Açıqlamada, Qəzzaya hücumların dayandırılması ilə bağlı razılığa gəlməyi hədəfləyən son təklifə HƏMAS-ın müsbət və məsuliyyətli cavab verdiyi bildirilib.

Haniyə deyir: "Lakin İsrailin baş naziri Netanyahunun tutduğu mövqe, o cümlədən müzakirə edilən sənədə daxil edilməyən yeni şərtlər və bəyanatları razılaşmaya mane olur. Bu, İsrailin Qəzzanın müxtəlif bölgələrində həyata keçirdiyi iyrənc qırğınlarda da özünü göstərir. "Bu addımlarla Netanyahu atəşkəs və məhbus mübadiləsi razılaşmasının qarşısını alır."

Bəyanatda həmçinin Misir və Qətərdəki vasitəçilərdən ABŞ administrasiyası və digərləri qarşısında lazım olanı etmək, Fələstin xalqına qarşı qırğınların dayandırılması üçün ciddi addımlar atmaq və Qəzza zolağına qarşı davam edən bu təcavüzə son qoymaq tələb olunur. 

Xatırladaq ki, İsrailin 7 oktyabrdan bəri Qəzza zolağında həyata keçirdiyi hücumlarda ən az 15 min 694-ü uşaq, 10 min 279-u qadın olmaqla 38 min 443 fələstinli ölüb, 88 min 481 nəfər yaralanıb.

Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilir, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.

Nərgiz,

Sitat.info



Xəbər xətti