Rusiya üçün daha bir CƏBHƏ AÇILDI! Yaponiya Kuril adalarını azad etmək istəyir

14:47 22 Aprel 2022

Yaponiya son 20 ildə ilk dəfə Kuril adalarının Rusiya tərəfindən işğalını rəsmi şəkildə dilə gətirib və bunu işğal faktı olaraq qeyd edib. Bir müddət öncə də SİTAT.İNFO-da yayımlanan məqalədə Yaponiyanın fürsətdən istifadə edərək, işğalçı imici təsdiqlənən Rusiyadan öz adalarını almaq üçün iddia qaldıracağını yazmışdıq. Bəs görəsən, bu addımla Yaponiya öz adalarının azadlığı uğrunda prosesə başlayacaqmı? Bu, Ukraynaya hücuma başlamaqla bütün dünyanın təzyiqini üzərinə çəkən Rusiyaya növbəti bir zərbə ola bilərmi ?

Mövzu ilə bağlı SİTAT.İNFO-ya açıqlama verən politoloq Xəyal Bəşirov bildirir ki, artıq Rusiyaya qarşı iddialar artmaqdadır: " Tarixə nəzər salsaq, İkinci Dünya Müharibəsində məğlub olan tərəflərdən biri kimi Yaponiyanın da ərazilərini itirdiyinin şahidi olarıq. Həmin o ərazilərdən biri də Kuril adaları oldu ki, 1945-ci ildən etibarən Rusiyanın təsir dairəsindədir. Və Yaponiya o zamandan bu günə qədər həmin o adalara iddialarını gizlətmir. Artıq Rusiya ilə Ukrayna məsələsində demək olar ki, bütün dünyanın qarşıdurması baş verdiyi dönəmdə bir çox dövlətlər Rusiyanın bu münaqişədən məğlub çıxacağı və parçalanacağı ilə bağlı fikirlər səsləndirdilər. Təbii ki, dünya tarixində həmişə belə olub, məğlub dövlətə qarşı ərazi və digər idddialar çoxalır".

X.Bəşirov vurğuladı ki, Yaponiya da bu prosesdən geriyə qalmaq istəmir, uzun illər ərzində Rusiyaya qarşı səsləndirdiyi Kuril adaları ilə bağlı iddialarından əl çəkmək niyyətində deyil: " Zamanında Yaponiyanın bu məsələ ilə bağlı Sovetlər Birliyinə təklifi olmuşdu ki, həmin o adaları Yaponiyaya qaytaracağı təqdirdə, Yaponiya SSRİ-yə iqtisadi inkişaf modelinin sirlərini açıqlayacaqdı. Çünki Yaponiyanın dünyada iqtisadi baxımından inkişaf etmiş bir modeli var.  İndi isə hər bir halda, istər sülh yolu ilə, istərsə də müharibə yolu ilə Yaponiya Kuril adalarından vaz keçmək niyyətində olmadığını göstərir".

Politoloq hesab edir ki, Rusiyanın məğllubiyyəti iddiaları daha da gücləndirə bilər: "Tarixdə belə bir deyim var - "qalibəri mühakimə etmirlər",  amma həmişə belə bir halın da şahidi olmuşuq ki, məğlublara qarşı da hər zaman iddialar artır. Bu mənada gələcəkdə Rusiya Ukrayna ilə müharibədən məğlub vəziyyətdə çıxacaqsa, ona qarşı olacaq çoxsaylı iddialardan biri də Yaponiyanın Kuril adalarına qarşı iddialarıdır. Artıq Yaponiya bu məsələdə açıq şəkildə mövqeyini ortaya qoymaqdadır. Düşünürəm ki, Yaponiyanın bu iddiaları Ukraynada gedən proseslərdən asılı olacaq. Əgər proseslər Rusiyanın xeyirinə olacaqsa, təbii ki, bu yalnız iddia formasında qalacaq. Əgər Rusiya məğlub çıxacaqsa, parçalanacaqsa, Yaponiya Kuril adalarına olan iddialarını və hüququnu bütün dünyayanın diqqətinə çatdırmaqla həmin o adaların öz ərazilərinə birləşdirilməsi ilə bağlı öz addımlarını atacaq".

Ləman Sərvanqızı 

SİTAT.İNFO



Xəbər xətti