Rusiya NATO üzvü olmaq istəyən dövlətlərlə davada: Üçüncü dünya müharibəsi gözlənilirmi?

16:37 22 Aprel 2022

Finlandiya və İsveçin NATO-ya üzvlüyü məsələsi Rusiyanı qıcıqlandırıb. Kreml bununla bağlı hər iki dövlətə nota verib. Siyasi şərhçilər hesab edir ki,  Bundan öncə Ukrayna və Gürcüstanın NATO-ya üzvlük məsələsinə görə müharibəyə qalxan dövlət bu dəfə də Finlandiya və İsveçin üzərinə yürüyəcəkmi?

Məsələ ilə bağlı SİTAT.İNFO-ya danışan siyasi şərhçi Kənan Rövşənoğlu bildirib ki, hansısa Avropa ölkəsinin NATO üzvü olmasının Rusiya ilə NATO arasında müharibəyə səbəb olacağını düşünmür: "Daha əvvəl Rusiyanın qərb, eləcə də Kalininqrad istiqamətindən Şərq və qərb qonşuları olan Baltik respublikaları NATO üzvü olub. Amma Rusiya buna hər hansı müqavimtə göstərməyib".

K.Rövşənoğlu qeyd etdi ki, Rusiyanın Ukrayna və Gürcüstanın NATO üzvlüyü ilə, Skandinaviya ölkələrinin NATO üzvü olmasına reaksiyası eyni ola bilməz: "Rusiya Ukrayna və Gürcüstanı özünün "arxa bağçası" hesab edir. Ona görə də NATO-nun buralara qədər gəlməsinə qıcıqlanır. Məsələ təkcə hərbi blokdan getmir, NATO həm də Avroatlantikadır, Qərb siyasi və iqtisadi sistemidir. Amma Skandinav ölkələri heç zaman Rusiya və ya SSRİ-nin təsir dairəsində olmayıb. Rusiya onlara nüfuz edə bilməyib. Bu ölkələrin NATO üzvlüyü də formaldır. Çünki bu ölkələr onsuz da NATO-nun müttəfiqidir və  hazırda Ukrayna məsələsində NATO-nun yanında yer alıblar".

Siyasi şərhçi vurğuladı ki, bu ölkələrin üzvlüyünün ciddi bir ajiotaj və ya gərginliyə səbəb olacağını düşünmür: " Moskva əlbəttə, etiraz bəyanatları verəcək, təzyiq göstərəcək. İndiki vaxtda bunu etməsi də normaldır. Amma bunun müharibəyə çevrilməsini gözləmirəm. Qərb Rusiyaya qarşı "yumşaq güc"ündən istifadə edir və kifayət qədər təsirlidir. Əlavə olaraq müharibə etməyə nə gərək var".

Nərgiz,

SİTAT.İNFO



Xəbər xətti