Rusiya Federasiyasının Silahlı Qüvvələrində müasir raketlərin qıtlığı yaranıb.
"İsgəndər" operativ-taktiki raket kompleksləri üçün 9M723 və 9M728 raketləri, habelə "Kalibr" qanadlı raketləri Ukraynadakı hərbi əməliyyatlarda gün keçdikcə daha az istifadə olunur.
Bunun müqağilində hələ Sovetlər Birliyi dönəmlərində istehsal olunmuş köhnə raketlərdən, habelə həmin raketlərin müasir modifikasiyalarından istifadə faktları artır.
Hazırda Ukraynada Rusiya qoşunları "Toçka-U" operativ-taktiki raketlərindən geniş istifadəyə başlayıb. SSRİ dövründən Rusiyada bu raketlərin böyük ehtiyatları var. Lakin sözügedən raketlərin tam əksəriyyəti köhnəldiyindən onlardan istifadə ilk əvvəl raket komplekslərinin xidmət heyəti üçün yetərincə riskli və təhlükəlidir.
Bundan başqa, əsasən Tu-160 təyyarələrindən buraxılan X-101, Tu-95MS və Tu-160 təyyarələrindən buraxılan X-55SM raketlərindən istifadə də intensivləşib.
Rusiya Silahlı Qüvvələrinin arsenalında təqribən 200 X-101 və 400 X-55SM raketlərinin qaldığı vurğulanır.
Habelə rusiyalılar Ukraynadakı hədəfləri vurmaq üçün hələ sovet dövründə istehsal olunmuş P-800 gəmi əleyhinə raketlərdən istifadə edirlər.
Önəmli olan əsas məqamsa odur ki, Qərbin tətbiq etdiyi həddən artıq sərt sanksiyalar rejimi nəticəsində Rusiya Federasiyasında əksər raket silahlarının istehsalı dondurulub. Mikrosxemlərin və element bazasının yoxluğu Rusiyaya raket ehtiyatlarını artıraraq potensialı gücləndirməyə imkan vermir.
Rusiyanın Müdafiə Nazirliyi hazırda ölkənin ən müxtəlif yerlərindəki hərbi hissələrdən və anbarlardan Ukrayna ilə sərhədlərə "İsgəndər" və "Kalibr" raketləri daşıyır. Rusiya Federasiyasının loqistik potensialının məhdud olması ona raket ehtiyatlarını vaxtında yeniləməyə imkan vermir.
Ukraynada "hədəf"lərə intensiv raket zərbələrinin endirilməsi arasındakı böyük fasilələrin səbəbi budur. (Milli.az)
.