Sülh razılaşması olarsa, bu ərazilər də işğaldan AZAD EDİLƏCƏK

10:50 26 Aprel 2022

"Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış 10 noyabr 2020-ci il tarixli bəyanatda Qazax rayonunun inzibati ərazi bölgüsünə daxil olan 7 və Naxçıvan MR Sədərək rayonunun isə 1 kəndinin işğaldan azad ediləcəyi ilə bağlı konkret müddəa yoxdur. Lakin Azərbaycanın irəli sürdüyü və Ermənistan tərəfindən qəbul edildiyi bildirilən şərtlər daxilində, sülh müqaviləsi imzalanacağı təqdirdə sözügedən ərazilər istisnasız olaraq Azərbaycana qaytarılmalıdır".

SİTAT.İNFO xəbər verir ki, bu sözləri politoloq Elçin Mirzəbəyli deyib. 

Onun sözlərinə görə, hazırda Ermənistanın işğalı altında olan həmin ərazilər Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilindədir və bu məsələnin həm sülh müqaviləsinin müzakirəsi prosesində, həm də sərhədlərin delimitasiyası çərçivəsində gündəmə gətiriləcəyi şübhə doğurmur: " Məlum olduğu kimi, Azərbaycanın sülh müqaviləsi üçün irəli sürdüyü 5 baza prinsipinin – bunu şərt, təklif, yaxud tələb də adlandırmaq olar – birinci müddəsında qeyd olunur ki, dövlətlər bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanımalıdırlar. İkinci müddada isə qeyd olunur ki, dövlətlər bir-birinə qarşı ərazi iddialarının olmamasını qarşılıqlı təsdiq etməli, gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəlik götürməlidirlər".

Politoloq hesab edir ki, belə bir öhdəliyin götürülməsi üçün isə dövlətlə arasında mübahisə doğura biləcək hər hansı bir ərazi məsələsi olmamalıdır: "Bunun üçün isə Qazax rayonunun inzibati ərazi bölgüsünə daxil olan 7 və Naxçıvan MR Sədərək rayonunun isə 1 kənd sülh müqaviləsi imzalanana qədər azad edilməli, ya da sülh müqaviləsində bununla bağlı müvafiq öhdəlik yer almalıdır. Bu baxımdan, sözügedən ərazilərin sülh danışıqlar prosesinin tərkib hissəsi olduğuna şübhə etmirəm".

Nərgiz Liftiyeva

SİTAT.İNFO 



Xəbər xətti