"Rusiya QARABAĞDA sülhməramlı qüvvədən daha çox İŞĞALÇI QÜVVƏ kimi fəaliyyət göstərir" - Sərdar Cəlaloğlu

10:15 26 Aprel 2022

Azərbaycan 10 noyabr bəyannaməsində nəzərdə tutulan bütün şərtlərə əməl etsə də, Ermənistan bəyannamənin ən mühüm bəndlərinin icrasından imtina edir. Bu bəyannamənin imzalanmasından sonra bir neçə dəfə  liderlərin üçtərəfli görüşü keçirilsə də, hər dəfə bu bəyannamənin bəndlərinin icrasının vacibliyi vurğulansa da, bir neçə ən vacib və Azərbaycanın mənafeyinə yönəlik layihələr kağız üzərində qalmaqdadır. 

İcrası gecikən maddələr hansılardır və onların yerinə yetirilməsi üçün hansı addımların atılmasına ehtiyac var? 

SİTAT.İNFO-ya açıqlamasında bu sualı cavablandıran ADP sədri Sərdar Cəlaloğlu bildirdi ki, 10 noyabr bəyannaməsində Azərbaycan dövlətinin mənafeyinə uyğun olan bəndlərin heç biri icra olunmur: "Bizim üçün ən əhəmiyyətli bənd Xankəndi iqtisadi zonasında qeyri-qanuni silahlı qüvvələrin silahsızlaşdırılmasıdır. Rusiya nəinki onları silahsızlaşdırmır, əksinə silahlandırır və hərbi təlimlər keçir. Xankəndidə onlar üçün müdafiə istehkamları yaradırlar".

S.Cəlaloğlu vurğuladı ki, bəyannamədə ikinci önəmli məsələ Laçın dəhlizinə uyğun Zəngəzur dəhlizinin açılması və Naxçıvana quru sərhədlərin yaradılmasıdır: "Ermənistan bu günə qədər bu məsələyə razılıq verməyib. Üçüncü əsas məsələ ondan ibarətdir ki, Rusiya sülhməramlıları qüvvələri Xankəndidən çıxarılan erməni silahlılarının əvəzinə Azərbaycan silahlı qüvvələrinin yerləşdirilməsi və Xankəndini Azərbaycanın suveren sərhədlərinə daxil edilməsidir. Lakin suverenliyimizin Xankəndidə yayılmasına Rusiya imkan vermir".

Müxalifət lideri onu da qeyd etdi ki, dördüncü əsas şərt sülhməramlı qüvvələrin neytral mövqedə durmasıdır və buna da əməl olunmur: "Ancaq biz görürük ki, nəinki neytral mövqedə durur, hətta Azərbaycanın təxribatçılara qarşı apardığı əməliyyatlara da mane olur, imkan vermir. Sülhməramlı qüvvələrin burada hüquqa zidd addımlar atması, beynəlxalq hüququ pozması haqda dəfələrlə Rusiya xarici işlər nazirliyinə Azərbaycan dövləti nota verib.  BMT-də  Xankəndi iqtisadi zonasında Rusiya hərbi qüvvələrinin qeyri-qanuni hərəkətlərinə dair səməd yayılıb. Bütün bunlar onu göstərir ki, Rusiya özünün  imperiya siyasətini davam etdirir və sülhməramlı qüvvədən daha çox işğalçı qüvvə kimi fəaliyyət göstərir".

Nərgiz Liftiyeva

SİTAT.İNFO



Xəbər xətti