Rusiya məğlub olsa, 3+3 platformasından KƏNARDA QALA BİLƏR...

17:25 25 Aprel 2022

Rusiya Ukrayna üzərinə hücuma keçməzdən əvvəl, Azərbaycanın da tərəfdar olduğu 3+3 platforması daha aktiv müzakirə olunurdu. Hətta Rusiya -Türkiyə münasibətləri çox isti idi, İran da prosesə dəstək verirdi. Azərbaycan bütün tərəfləri vahid nöqtədə birləşdirən barışdırıcı tərəf kimi çıxış edirdi. Ermənistan prosesdən geri qalmamağa can atarkən , yeganə problem Gürcüstanın Rusiyaya görə platformadan imtina etməsi idi. 

Lakin Rusiya işğalçı hücuma başlamaqla bütün dünyanın mənfi rəyini, qəzəbini öz üzərinə çəkdi. Bəs görəsən, müharibənin nəticəsindən asılı olaraq , Rusiya-Ukrayna müharibəsi bitəndən sonra da 3+3 platforması gündəmdə olacaqmı?

Mövzu ilə bağlı SİTAT.İNFO-ya danışan siyasi şərhçi Elçin Xalidbəyli bildirdi ki, Ukrayna savaşından sonra 3+3 platforması Rusiya üçün daha çox əhəmiyyət daşıya bilər: "Savaşdan qalib çıxacağı təqdirdə, Kreml bu platformanın Rusiyanın maraqlarına uyğun olaraq, qurulmasına cəhd göstərəcək. Kreml çalışacaq ki, 3+3 platforması məhz Rusiyanın ətrafında formalaşsın və yalnız iqtisadi deyil, həm də siyasi faktorlar ilə yüklənsin".

E.Xalidbəyli vurğuladı ki, belə vəziyyətdə Kremlin geopolitik iddiaları yalnız Türkiyənin hərbi-siyasi potensialı ilə balanslaşdırıla bilər: "Ancaq Rusiya Ukrayna savaşında məğlub olacağı təqdirdə, Kremlin 3+3 platformasına yanaşma tərzi ciddi şəkildə dəyişəcək. Çünki, iştirakçı dövlətlər Rusiyanın hegemonluq iddialarına əhəmiyyət verməyəcəklər. Üstəlik, ağır durumda olacaq Rusiya üçün 3+3 platforması daha çox iqtisadi-ticari və nəqliyyat-kommunikasiya sahələri üzrə yeni mümkün maliyyə qaynağı kimi taleyüklü səviyyədə cəlbedici ola bilər. Böyük ehtimalla məğlub Rusiya 3+3 platformasına xüsusi həssaslıqla can atacaq".

Siyasi şərhçi hesab edir ki, Ukrayna savaşında məğlubiyyət Rusiyanı 3+3 platformasından kənarda da buraxa bilər: " Çünki, Rusiyaya qarşı mövcud beynəlxalq situasiyalar savaşdan sonra da qüvvədə saxlanılarsa, Kremlin 3+3 platforması kimi geoiqtisadi əməkdaşlıq formatlarında iştirak etməsi çətin olacaq. Hər halda, Rusiyanın üzləşdiyi sanksiyalardan bəzilərinin 3+3 platforması üzrə maliyyə-iqtisadi əməkdaşlıq sahələrinə də təsir göstərə biləcəyi qətiyyən istisna deyil. Yəni, Rusiyanın 3+3 platformasından kənarda saxlanması ilə bağlı ehtimal da olmamış deyil".

Nərgiz,

SİTAT.İNFO



Xəbər xətti