Rusiya Ukraynaya işğalçı hücumu ilə həm də öz sonunu gətirdi. Hərbi baxımdan ciddi itki verən Moskva, sanksiyalar səbəbindən həm də iqtisadi böhrandan yaxasını qurtara bilməyəcək. Bununla belə , Kreml Cənubi Qafqazdan da caynaqlarını yığışdırmaq niyyətində deyil. Brüsseldə əldə olunan üçtərəfli razılaşmaların pozulması üçün Ermənistan rəhbərliyinə təzyiqlər göstərir. Ancaq bir fakt da var ki, Ukrayna müharibəsinə görə təklənən Rusiyanın Türkiyəyə ehtiyacı çoxdur. Türkiyə bu məsələdən istifadə edib Qarabağ probleminin həllində Rusiyanı neytrallaşdıra bilərmi?
SİTAT.İNFO-ya açıqlamasında bu sualı cavablandıran siyasi şərhçi, Ağ Partiya sədrinin müşaviri Azər Hüseynov bildirdi ki, Türkiyə onsuz da Rusiyanın ona olan ehtiyacını nəzərə alaraq, amma beynəlxalq tərəfdaşlıq etikasını gözləyərək Cənubi Qafqazda onun inhisarını bitirdi: "Artıq Türkiyə Cənubi Qafqazda bir oyunçudur. Müttəfiqi də Azərbaycandır. Sadəcə olaraq Türkiyə və Azərbaycan Rusiyanın Cənubi Qafqazdakı 200 illik şəbəkələşməsini nəzərə alırlar. Ona görə ehtiyatlı hərəkət edir. Ancaq arada ruslar qaydaları pozduqda ayar verici tədbirlər görürlər".
Politoloq onu da vurğuladı ki, Rusiyanın təcridi və təklənməsi müvəqqətidir: "İndi Makron da vəzifəsinə gəlsin, Avropanın bəzi dövlətləri arxa bağçada Rusiya ilə görüşlər aparacaq. Onlar heç də istəyərək bu prosesin içində deyillər. Bir-biri ilə rəqib olan iki anqlo sakson Amerika və Britaniyanın tələbi ilə bu oyundadırlar. Zaman və məqam gözləyirlər. Rusiya isə əlbəttə Cənubi Qafqazı vermək istəməz. Zatən Türkiyə də hələ ki Rusiyanın inhisarīnı bitirməklə kifayətlənir. Çünki Rusiya da ona lazımdır".
A.Hüseynov vurğuladı ki, qlobal maliyyə dairələri Ukrayna münaqişəsi ilə dünyanı ərzaq böhranına itələyir: "Türkiyə bunu nəzərə alır, elə Azərbaycan da. Rusiya ərzaq ixracı nəhəngidir. Zaman gələcək Rusiya ilə ehtiyatlį rəqabət bizə kömək edəcək. Ona görə də Türkiyənin ehtiyatlı mövqe irəliləyişlərini düzgün hesab edirəm".
Nərgiz,
SİTAT.İNFO