Rus xalqı Putinin törətdiyi BƏŞƏRİ CİNAYƏTLƏRƏ niyə susur?

14:20 26 Aprel 2022

Hamı gözləyirdi ki, Putinin dinc sakinlərə qarşı törətdiyi qətllərdən sonra rus xalqı etiraz edəcək və onu devirəcək. Lakin rus xalqı əksinə Putini daha çox dəstəkləyir  və getdikcə  Putinin nüfuzu artır. Mülki əhalinin qətlə yetirilməsinə, uşaqların öldürülməsinə, qadınların zorlanmasına isə reaksiya verilmir. Rus cəmiyyəti bu məsələdə sükuta qərq olub. Səbəb nədir ki, millət olaraq bu məsələdə işğalçı liderlərinin yanındadırlar? 

Mövzu ilə bağlı SİTAT.İNFO-ya açıqlama verən psixoloq Azad İsazadə bildirir ki, bu baxımdan təəccüblü bir vəziyyət yaranıb : " Reallıq belədir ki, 20 il ərzində Rusiya propaqandası öz xalqının beynin elə yuyub-təmizləyib ki, müstəqil düşünə bilmirlər. Nəzərə almalıyıq ki, Rusiyada  "YouTube" və bütün bu kimi saytlar bağlıdır. Rəsmi təbliğatdan kənar məlumat verən saytlar praktiki hamısı bağlıdır. Və sadə əhali, xüsusən kənd əhalisi, vilayətlərdə yaşayanlar - onların sadəcə məlumatı yoxdur, bilmirlər nə baş verir. Elə rus ordusunun itkilərinin sayı da gizlənilir və paralel də həddindən artıq şovinist propaqanda aparılır. Buna görə də,  xalq buna ya neytral baxır, ya da hətta dəstəkləyir". 

Azad İsazadə qeyd etdi ki, etiraz edən insanlar susdurulur : " İlk günlərdə əhali küçələrə çıxır, əsasən böyük şəhərlərdə öz etirazlarını bildirirdilər. Onlar döyüldülər və elə o saat cinayət məcəlləsində dəyişikliklər edildi. Ordu ilə bağlı feyk xəbər yazanlara 10-15 il cinayət işi tətbiq etdilər. Etiraz edənlərdən ən aktiv əhali  Rusiyanı tərk etdi. Bu say  300 min idi. Deməli etiraz edə bilən potensial 300 minə yaxındır. Tərk edənlərdən kiminin müstəqil işi var, kimiai gedib hardasa özünə biznes qurub. Təbii ki, burada söhbət orta sinifdən gedir. Kimi xaricdə kitab, məqalə yazır və s. Tərk edə bilməyənlərdə qorxub susurlar".

Ləman Sərvanqızı

SİTAT.İNFO



Xəbər xətti