Təlimlər keçirildi, ordu hazırlandı: Erməni silahlarına qarşı əməliyyatlar nə zaman başlacaq?
15:24 26 Aprel 2022
Azərbaycan və Türkiyə arasında dostluq, strateji tərəfdaşlıq Vətən müharibəmizdə özünü aydın şəkildə göstərdi. Məlum olduğu kimi iki dövlət arasında dostluq əlaqələri ilə yanaşı hərbi əməkdaşlıq haqqında saziş də mövcuddur. Müharibədən sonra da ölkəmizdə hər iki dövlətin quru qoşunları və hərbi qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı hərbi təlimlər keçirildi. Bu təlimlər Azərbaycan ordusunun döyüş təcrübəsinin artırılması, yeni texnikalara tam bələd olması, müxtəlif şəraitlərdə hərbi əməliyyatları qüsursuz yerinə yetirmək bacarıqlarına yiyələnməsi məqsədi daşıyırdı. Təsadüfi deyil ki, birgə təlimlər Ermənistanda narahatlıqla izlənilir. Onlar bu duruma etirazlarını da törədilən təxribat əməlləri ilə biruzə verirlər.
İki dövlətin ordu hissələri dağlıq ərazilərdə antiterror əməliyyatlarının keçirilməsi ilə bağlı, eyni zamanda mülki insanların yaşadıqları ərazilərdə əməliyyat və sair keçirilməsi ilə bağlı təlimlər keçirsələr də, reallıqda Qarabağda qanunsuz olaraq mövcudluğunu davam etdirən silahlı qüvvələrə qarşı bu əməliyyatlar keçirilmir? Bəs bu əməliyyat nə zaman həyata keçiriləcək? Bu əməliyyat Xankəndi üçün nəzərdə tutulurmu?
Hərbi ekspert Ədalət Verdiyev mövzu ilə bağlı Sitat.info-ya verdiyi açıqlamada bildirdi ki, müharibə və ya sülh şəraitindən asılı olmayaraq orduda bu təlimlər hər gün fasiləsiz şəkildə həyata keçirilir: “Təlimlərin əsas məqsədi ordunun qarşılaşa biləcəyi mümkün təhdidləri aradan qaldırmaq üçün onu daim hazırlıqlı vəziyyətdə saxlamaqdır. Azərbaycanın qarşılaşa biləcəyi təhdidlərin əsasən dağlıq ərazilərdə baş verəcəyini nəzərə alaraq, Azərbaycan da həm ordu konsepsiyasında bu ərazilərdə döyüş imkanları yüksək olan hissə və bölmələrin yaradılmasına , həm də digər bölmələrin də bu ərazilərdə fəaliyyətlərini təkmilləşdirməsinə üstünlük verir".
Ekspert qeyd etdi ki, bu əməliyyatların keçirilməsi yalnız Azərbaycandan asılı deyil: “Bu daha çox işğalçı Ermənistanın birgə bəyanatın şərtlərini, o cümlədən ərazilərdən erməni silahlıların çıxarılmasına aid üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsindən asılı olacaq. Hesab etmirəm ki, xarci işlər nazirimizin Rusiya xarici işlər nazirinin Azərbaycan -Ermənistan münasibətlərinin normallaşdırlıması üzrə nümayəndəsi İqor Xovayevi qəbul etməsi, bugün cənab prezident İlham Əliyevin Rusiya baş nazirinin müavini qəbul etməsilə belə təlimlərin keçirilməsi ilə eyni vaxta təsadüf etsin. Görünən odur ki, Azərbaycan prosesi yüngül güc tətbiqi və əldə olunan birgə bəyanatın şərtlərinə uyğun olaraq, qan tökülmədən yerinə yetirilməsində maraqlıdır”.
Ə. Verdiyev vurğuladı ki, Ermənistan növbəti dəfə təxribata əl atarsa, o zaman layiq olduğu sərt cavabı alacaq: “Gördük ki, Fərruxda, Laçında, Kəlbəcər istiqamətində olduğu kimi ordumuz istənilən an bu zərbələri yerindəcə susdurmağa qadirdir. Bunun üçün qərar təbii ki ordu tərəfindən qəbul edilmir. Ölkə rəhbərliyi hansısa əməliyyatların keçirilməsinə zərurət yarandığını hesab edərsə, həmin anda bunu yerinə yetirəcəklər. Hələ ki belə bir qərar yoxdur, danışıqlar yolu ilə problemin həllinə cəhd edirik. Əgər bunlar nəticə verməzsə onda Azərbaycan adekvat və təsirli cavab verəcək".