Məlum olduğu kimi, müharibə başlayandan bəri bir neçə dəfə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Türkiyənin bu müharibədə vasitəçilik istəyini qeyd edərək əlavə edək ki, danışıq əsnasında Rusiya və Ukraynanın nümayəndə heyətlərinin görüşləri müzakirə edilib.
Ərdoğan Rusiya və Ukraynanın nümayəndə heyətlərinin müsbət və konstruktiv görüşlərinin sülhə olan ümidləri artırdığını, dialoqun davam etdirilməsinin vacib olduğunu bildirib. Lakin tərəflər arasındakı hazırki münasibətlər və müharibə reallıqları sülh məsələsinin hələ yaxında olmadığından xəbər verir.
Bəs görəsən, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna-Rusiya müharibəsində sülhün yaranmasına nail ola biləcəkmi? Hazırda müharibənin gedişində üstün tərəf kimdir?
Mövzu ilə bağlı professor Qulu Məhərrəmli Sitat.info-ya açıqlamasında bildirib ki, Putinin davranışlarını proqnozlaşdırmaq çətin olduğundan sülhlə bağlı konkret fikir bildirmək mümkün deyil:
"Putin elə praqnozlaşdırılmayan siyasi liderdir ki, onun hərəkətlərində hansısa bir məntiqi nəticə axtarıb tapmaq çox çətindir. Ona görə də Ərdoğanın cəhdini çox yaxşı qiymətləndiririk. Amma, problemin həll olunacağına, liderlərin razılığa gələcəyinə ümidim azdır. Hesab edirəm ki, hər iki tərəfdən təmin olunmamış maraqlar var. Rusiya indi iki verir, hərbi gücü azalır və Ukraynanın Qərbdən aldığı yeni silahlar hesabına gücü artır. Ona görə də bu maraqların bir mövqeyə gətirilməsi çox çətin məsələdir. Amma bütün hallarda istəyərdik ki, müharibə dayansın sülh bərqərar olsun, əhali zərər görməsin. Çox təəssüf ki, Rusiyanın imperialist siyasəti nəticəsində bu mümkün olmadı. Ukrayna və bütün Avropa böyük fəlakətlə üz-üzə gəldi. Bu savaşın tezliklə başa çatacağına ümidim azdı”.
Hazırda hansı tərəfin üstün mövqedə olmasına gəlincə, Q. Məhərrəmli bildirdi ki, hərbi cəhətdən Rusiya, siyasi və hüquqi mövqeyi baxımından isə Ukrayna üstün mövqedədir: “Ukraynanın müqavimət və döyüş ruhu çox yüksəkdir. Müharibənin Ukrayna torpaqlarında getməsinə, insanların həlak olmasına baxmayaraq, dünyanın rəğbəti də Ukraynayadır. Rusiya 200 il əvvəl olduğu kimi yenə işğalçı mövqedədir. İmperialist məqsədlər güdür, başqalarının ərazilərini tutub işğal etməyi hədəfləyir. Özünə bəraət qazandırmaq üçün kifayət qədər əsaslar gətirsə də, mövcud dünyanın reallıqlarlı belə deyil. Beynəlxalq hüquq tamamilə başqa fikirdədir. Bununla yanaşı Qərbin və NATO-nun dəstəyi nəticəsində Ukraynanın daha da güclənəcəyi düşüncəsindəyəm. Rusiyanın işğalçılıq siyasəti və bu siyasəti dəstəkləyən xalqı, çox təssüfki bu vəziyyətdən ciddi zərər çəkəcək. Ukraynaya Qərb ölkələri tərəfindən silah dəstəyinin verilməsinin davam etməsi özü elə Rusiyaya bir mesajdır. Rusiyanın tab gətirməsi çətin məsələdir”.
Safura Bənnayeva