"Dünən Sumqayıtdan Ukraynaya növbəti humanitar yardım, dərman və ərzaq məhsulları göndərilib. Ərzaq məhsulları əsasən konservlərdən ibarət olub, ərzaq konservlərini "Azərsun" şirkəti istehsal edir".
SİTAT.İNFO xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli "Azərsun"da baş verən yanğında təxribat amilini dəyərləndirərkən deyib.
"Ötən gün ərzaqlar göndərilib. Həmin gün də şirkətin anbarlarında böyük yanğın olub - təsadüfdürmü?! Bilmirəm, ola bilər, amma olmaya da bilər. Çox ağır zamanda yaşayırıq, hamımız - hökumət də, müxalifət də, sivil toplum və media da daha məsuliyyətli olmalıdır. Dövlət hamımızındır, müstəqillik birgə dəyərimizdir. Müstəqil olmasaq nə iqtidar, nə müxalif olmağın heç bir önəmi, əhəmiyyəti qalmır".
İqtisadiyyat yazarı Dünya Sakit isə qeyd edib ki, "Azərsun" Azərbaycanın ərzaq təminatında çox böyük payı olan inhisarçı şirkətdir və bu yanğın ərzaq qıtlığına səbəb ola bilər: "Çox təəssüflər olsun ki, şirkətin qeyri-şəffaflığı, hesabatlı olmaması üzündən onun ölkənin ərzaq təminatında payının dəqiq neçə faiz olduğunu söyləmək mümkün deyil. Amma aydın olan odur ki, bu pay 50 faizdən az deyil.
Ərzaq bazarından məlumatlı olan şəxslər hazırda davam edən yanğını fəlakət kimi dəyərlənndirirlər. Bəzi dəqiqləşdirə bilmədiyim məlumatlara əsasən parkın ərazisindəki anbarlarda "Azərsun"un 3 aylıq mal ehtiyatları saxlanılırmış. Bu məlumat doğru olarsa, ölkə yaxın günlərdən etibarən ciddi ərzaq qıtlığı ilə üzləşə bilər".
Nərgiz,
SİTAT.İNFO