Fevralın 24-dən başlayan Rusiya-Ukrayna müharibəsində vəziyyət hələ də gərgin olaraq qalır.
Başda ABŞ olmaqla əksər Qərb Dövlətlərinin Ukraynaya dəstəyi davam edir.
Rusiya prezidenti Putin iddia edir ki, apardığı əməliyyat anti-terror xarakteri daşıyır.
Bəs bu müharibəni anti-terror adlandırmaq olarmı?
Bununla bağlı Sitat.info-ya açıqlama verən politoloq Cümşüd Nuriyevin bildirdi ki , Rusiyanın apardığı müharibəyə anti-terror əməliyyatı demək olmaz.
“ Bu günə kimi Ukrayna ərazisindən Rusiyaya qarşı terror əməliyyatı qeydə alınmayıb. Rusiyanın Ukrayna dövlətinin ərazisinə girməsini ancaq işğalçı müharibə adlandırmaq olar.Bunun başqa adı yoxdur.Həm beynəlxalq hüquqa görə, həm də müasir dövrdə hərbi terminlərlə götürsək bu işğaldır. Rusiyanın Ukraynaya irəli sürdüyü bu iddianın heç bir əsası yoxdur”.
Bu məsələ ilə bağlı Sitat.info-ya açıqlama verən politoloq, Ağ Partiya sədrinin müavini Əhəd Məmmədli isə Rusiyanın bu müharibəni “xüsusi əməliyyat’’ adlandırdığını qeyd edib: “ Bütün dövlətlər hərbi əməliyyatlar aparanda bu prosesə müəyyən ad qoyur. Rusiya isə apardığı müharibəni anti-terror adı ilə örtməyə çalışır. Bir ölkənin ərazisinə girib, dağıntılar törədib, insanlarını öldürürsə bu artıq işğalçı müharibədir. Ukraynada artıq beş milyona yaxın məcburi köçkün var ’’.
Qeyd edək ki, Kreml həm də qonşu dövlətlərin NATO-ya daxil olmaq istəyini qıcıqla qarşılayır, həmin dövlətləri təhdid edir.
Bəs reallıqda bu dövlətlərin NATO-ya daxil olması Rusiya üçün hansı təhlükə vəd edir?
“ Rusiyaya heç kim o səlahiyyət verməyib ki, dövlətlərin beynəlxalq təşkilatlara daxil olmasına qadağa qoysun” –deyə politoloq Cümşüd Nuriyev sualımızı belə cavablandırdı.
C. Nuriyev qeyd edib ki, müasir dövrdə hər hansı dövlətin digərini məhv etməsi üçün müharibəyə ehtiyac yoxdu: "Dövrümüzdə hər növ raketlər mövcuddur, bununla da istədikləri an digərini məhv edə bilərlər.
Rusiya daha çox əraziyə sahib olmaq istəyir və son dövrlərdə də ərazisini xeyli genişləndirib. NATO-nun yarıtmaz fəaliyyəti Rusiyanı daha da ruhlandırır. Onun ətrafındakı dövlətlərin də NATO- ya daxil olması Rusiya üçün heç bir təhlükə daşımır”.
Lamiyə Xaqani,
Sitat.info