Rusiya-Ukrayna müharibəsində gərginlik davam edir. Rusiya hücuma keçdiyi istiqamətlərdə güclü müqavimətlə üzləşib. Ukrayna güclü əks hücuma keçəcək deyə, fikirlər dolaşır. Bəs belə bir hücum həqiqətən gözlənilirmi ?
Mövzu ilə bağlı SİTAT.İNFO-ya açıqlama verən hərbi ekspert Üzeyir Cəfərov bildirir ki, artıq müharibənin 67-ci günüdür və bu müddət ərzində Rusiya heç nəyə nail olmayıb : "Zaman-zaman Rusiya bəzi əraziləri atəşə tutur, amma bunun da müharibəyə heç bir adiyyatı yoxdur. Müharibəni belə aparmırlar. Müharibədə bir elmdir, o da bir peşədir. Amma Rusiya bu müharibəni tamam gözdən saldı. 2 aydan çoxdur ki, ancaq dağıntı, insan faciəsi, insan ölümləri və s. Ona görə mən buna müharibə deməzdim. Buna Rusiyanın Ukraynaya qarşı vandalizmi deyərdim".
Üzeyir Cəfərov qeyd etdi ki, bu gün reallıq budur ki, Ukrayna Rusiyanın demək olar ki, taktiki döyüş batalyonlarının əksəriyyətini darmadağın edib : "Bu proses davam edəcək. Rusiya hələ bundan sonra ən ağır məğlubiyyətlə baş-başa qalacaq. Və mənim fikrimcə hardasa yaxın 10 günə Rusiyanın əsgərlərini belə tapmaq mümkün olmayacaq. Çünki ən müasir silah-sursat, ən müasir tanklar və artilleriya qurğuları ilə oradakı əsgər və zabitlər külə dönəcək. Və müvəqqəti də olsa, Rusiyanın nəzarətinə keçən Xerson vilayəti də geri qaytarılacaq, Donbası da azad edəcək, Lunqansk azad olunacaq. Artıq işlər bu istiqamətdə gedir". Bu
Üzeyir Cəfərov onu da bildirdi ki, o Ukraynaya ilə bağlı çox optimistdir : "Rusiyanın necə bacarıqsız, yekəxana olduğunu bir daha hamımız gördük. Guya dünyanın 2-ci ən güclü ordusuna malik ölkə bu gün bütün dünyanın gözü qarşısında rüsvayçılıqla baş-başadır. Əvvəl Qərb Ukraynaya o qədər inanmasa da sonradan Ukraynaya müdafiə silahları verdi. İndi isə söhbət rusun silahlarından getmir, söhbət Rusiyanın məğlub edilməsi üçün ən müasir silahlardan gedir. Amerikanın müdafiə nazirinin, o cümlədən İngiltərənin xarici işlər nazirinin verdiyi bəyənatlar sıradan, adi bir bəyənatlar deyil. Onlar deyirlər ki, biz Rusiyanın tam şəkildə məğlubiyyətinə nail olmalıyıq və nail olacağıq. Və Rusiya bundan sonra heç kəsə, o cümlədən öz yaxın və uzaq qonşularına qarşı hər hansı bir iddiası olmamalıdır".
Üzeyir Cəfərov həmçinin qeyd etdi ki, o qonşular arasında biz də varıq : " Rusiya Qarabağla bağlı bizə xeyli problemlər yaşadıb. Ona görə hesab edirəm ki, bu gün Ukraynanın apardığı savaş həm də bizə görə savaşdır, gürcülərə görə savaşdır. Rusiya yekəxanadır. Rusiyanın yekəxanalığı öz başına bəla olmalı idi və o proseslərdə hazırda yaşanır. Yaxın həftələrdə biz çox maraqlı hadisələrin şahidi olacağıq".
Ləman Sərvanqızı