Donbasda şiddətli döyüşlər davam edərkən, Rusiya ordusu Ukraynanın qərbində, o cümlədən Lvovda bir çox nöqtələri raketlərlə vurub.
Rusiya Baş Qərargah rəisi Gerasimovun Donbasa səfərini təsdiqlənib.
SİTAT.İNFO xarici mənbəyə əsasən bildirir ki, Donbasda müharibənin ikinci mərhələsinin başlaması ilə Rusiyanın hücumları nəticəsində Ukraynanın şəhərlərində baş verə partlayışlarda bir gündə çox sayda mülki vətəndaş öldürülüb.
Polşa sərhədinə yaxın olan Lvov yenidən Rusiyanın hədəfi oldu.Üç rus raketi Lvovun elektrik yarımstansiyasını vurduğu üçün şəhərin böyük bir hissəsi işıqsız qalıb.
Ukrayna rəsmiləri ölkənin mərkəzi hissəsindəki Kirovoqrad və cənub-qərbdə Vinnitsa şəhərlərinin də hücuma məruz qaldığını bildiriblər. Macarıstan və Slovakiya ilə həmsərhəd dağlıq bölgədə yerləşən Transkarpatiya da rusların hədəfində olub.
Şiddətli qarşıdurmaların davam etdiyi Ukraynanın şərqindəki Donetsk və Luqanskda Rusiyanın hücumları 21 mülki vətəndaşın həyatına son qoyub. Donetsk qubernatoru Pavlo Krilenko cəbhə xəttində yerləşən Avdiivkada bir zavodda 10 nəfərin öldüyünü bildirib. Hücumlarda yaralanan 28 Donetsk sakini xəstəxanalara çatdırılıb.
Mayın 3-ü keçən ay Kramatorskdakı qatar stansiyasında 50 nəfərin həyatını itirməsindən bəri ən ölümcül gün kimi qeydə alınıb. Rusiya Kramatorskda təxliyyə gözləyən dinc sakinləri raketlə vurub.
Ukrayna ordusu birlikləri isə son 24 saat ərzində Rusiyanın Donetsk və Luqanskda 12 hücumunu dəf edib. Xüsusilə Popasnada şiddətli döyüş gedir. İngiltərə Müdafiə Nazirliyinin bu səhər paylaşdığı məlumat qeydində rus işğalçılarının Donbas bölgəsindəki İzyum ətrafına 22 batalyon göndərdiyi bildirilib.
"Foreign Policy" jurnalının təhlükəsizlik üzrə müxbiri Cek Detç bildirib ki, Ukraynaya silah yağdıran ABŞ artıq Şərqi Avropa ölkəsinə Sovet istehsalı olan 5 Mi-17 helikopterini göndərib.
ABŞ-ın hələ də Ukraynaya göndərə biləcəyi 11 Mi-17 helikopteri var. Bu maşınlar Taliban ələ keçirməzdən əvvəl Əfqanıstan ordusu tərəfindən istifadə edilib.
Vladimir Putinin sadiq müttəfiqi Belarus lideri Aleksandr Lukaşenko bu dəfə Ukrayna sərhədində təlim keçirəcəyini açıqlayıb.
Kütləvi təlimin elanından dərhal sonra şimal qonşusunu diqqətlə izləyən Ukraynadan açıqlama gəlib. Kiyev administrasiyası Belarusun işğalçı Rusiya ordusuna qoşulma ehtimalını istisna etmir.
Ukrayna rəsmiləri Belarusun mümkün hücumuna hazır olduqlarını bildiriblər.
Digər tərəfdən, Moskvanın şimşəklərini çəkən qərb qonşusu Finlandiya Rusiya sərhədində cəmləşir. Bu ay İsveçlə birlikdə NATO-ya üzvlük üçün müraciət edəcəyi gözlənilən Skandinaviya ölkəsində tank və zirehli texnika daşıyan qatarlar görünüb.
Xarici media qatarların 1340 kilometrlik Rusiya sərhədinə doğru hərəkət etdiyini yazıb.
Onilliklər boyu bitərəfliyi ilə tanınan Finlandiya Rusiyanın Ukraynaya təcavüzündən şoka düşüb və son iki ayın sonunda ictimai rəy NATO-ya qoşulmağa güclü dəstək verməyə başlayıb.
Moskva isə İsveç və Finlandiyanın alyansa üzv olacağı təqdirdə Baltikyanı regionda nüvə silahı yerləşdirməklə hədələyir.
Safura Bənnayeva
SİTAT.İNFO