Rusiya məğlub olarsa: ABŞ və Qərbin qarşısında dünyanın yeni qütbü BU DÖVLƏT olacaq

13:10 5 May 2022

Rusiyanın Ukraynaya hücumu və başlatdığı ədalətsiz müharibə hələ də davam edir. Müharibənin gedişində dünya dövlətləri artıq tərəfini seçib və daha çox işğala məruz qalan dövlətə dəstək göstərməkdədirlər. Qərb dövlətləri Rusiyaya qarşı Ukraynanı güclü silahlarla təmin etdiyini açıq şəkildə bəyan edib. Rusiya 2 aydan artıqdır ki, müharibə aparsa da, konkret nəticə əldə etməyib. Amma Qərbin Ukraynaya verdiyi hücum silahların Rusiyanın məğlubiyyətini tezləşdirəcəyi müzakirə edilməkdədir. Bəs Rusiya məğlub olarsa, dünyanın böyük hərbi və siyasi gücü bu nüfuzunu itirərsə, dünya təkqütblü dövrünə qədəm qoyacaq, yoxsa artıq kollektiv Qərbin qarşısında başqa siyasi güc mərkəzləri olacaq?

Mövzu ilə bağlı SİTAT.İNFO-ya açıqlama verən Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Xəyal Bəşirov bildirdi ki, Rusiya siyasi səhnədən məğlub olub getməyəcək: "Rusiya rəhbərliyi yaxşı bilir ki, bu müharibədə məğlubiyyət olarsa, dövlət parçalanacaq. Ona görə də, Rusiya dirəniş göstərib, hətta nüvə silahından belə istifadə edə bilər. Bu da dünyanı ciddi şəkildə narahat edəcək bir prosesdir. Ona görə də mən bu versiyanın reallaşacağını güman etmirəm". 


Bir qütblü dünyanın yaranmasına gəlincə, politoloq hesab edir ki, bir qütbdə Amerika və Qərb dövlətləri, digər qütbdə sadəcə Rusiya durur: "Rusiya hərbi cəhətdən üstün dövlət olsa d,a iqtisadi cəhətdən Amerikaya və Qərbə alternativ dövlət deyil.
İstər hərbi, istərsə də iqtisadi cəhətdən Qərbə və Amerikaya alternativ olan dövlət Çindir. Buna görə də biz əgər dünyanın bir qütbündə Qərbin və Amerikanın yerləşdiyini deyiriksə, digər qütbündə Rusiya ilə yanaşı Çinin də adını çəkməliyik”. 


X.Bəşirovun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsi əslində Rusiya-Qərb müharibəsi adlandırılmalıdır: “Rusiya-Ukrayna müharibəsində Rusiyanın müttəfiq olduğu dövlətləri, eyni zamanda İranın bu prosesdə aktiv şəkildə iştirak etdiyini müşahidə etmək olar. O dövlətlər bunu açıq şəkildə bildirməsələr də, prosesə səs çıxartmamaqla, Rusiyaya texniki dəstək verməklə öz tutduqları tərəfi göstərirlər. Bunun qarşılığında Amerika və Qərb dövlətləri də Ukraynaya silah-sursat yardımı edib dəstək olduqlarını bildirirlər. Müharibənin gedişi onu göstərdi ki, Rusiyanı və Ukraynanı dəstəkləyən dövlətlər müharibədə maraqlıdırlar”.

Politoloq vurğuladı ki, Qərbi və Amerikanı narahat edən əsas dövlət Rusiya deyil Çindir: “Bütün proseslər gələcəkdə Çinə qarşı vahid gücün ortaya qoyulması ilə bağlıdır. Amerika son dövrlərdə açıq şəkildə Rusiyanı Çinə qarşı mövqedə Qərbin yanında olmağı təklif edib. Rusiya da bunun müqabilində bir zamanlar bir hissəsi Sovetlər Birliyinin tərkibində olan dövlətləri Qərbdən və Amerikadan yenidən Rusiya nəzarətinə verilməsini istədi,amma, bu istək qəbul olmadı. Tərəflər arasında narazılıqlar yarandı.
Düşünürəm ki, Qərbin və Amerikanın əsas planı Çin üzərindədir. Çünki gələcəkdə Çin o dövlətlərə alternativ olub əks qütbdə dayacaq”.

Safura Bənnayeva

SİTAT.İNFO



Xəbər xətti