“Ukrayna Rusiyanın mayın 9-da Kiyevdə parad keçirmək planlarını artıq puç edib”. Bunu Ukrayna müdafiə nazirinin müavini Anna Malyar deyib.
“Rusiya ordusunu daha böyük məyusluq gözləyir. Biz onların mayın 9-da parad keçirmək arzularını artıq alt-üst etmişik”, - o söyləyib.
Daha əvvəl ABŞ kəşfiyyatı Rusiyanın mayın ortalarına qədər Donetsk və Luqansk vilayətlərini ilhaq etməyə çalışacağını bildirmişdi. Demək olar, müharibənin ilk vaxtlarından etibarən müxtəlif rəsmilər mayın 9- da ciddi hadisənin ola biləcəyi barədə proqnozlar verirdilər. Bəzi kəşfiyyat məlumatları da bu ehtimalları təsdiqləyirdi.
Nəzərə almaq lazımdır ki, 9 may- faşizm üzərində qələbə günü Rusiya üçün xüsusi tarixdir. O da məlumdur ki, Prezident Vladimir Putin rəqəmlərə xüsusi əhəmiyyət verir. Elə isə bir neçə gün sonra hansı hadisələrin şahidi ola bilərik?
Mövzu ilə bağlı SİTAT.İNFO-ya açıqlama verən siyasi şərhçi Kənan Novruzov bildirdi ki, Rusiya işğal olunmuş bəzi ərazilərdə bu tarixi qeyd edəcək: " Beləliklə, həm də müəyyən mesajlar verməyə çalışacaq. Həmin gün Putinin xalqa müraciət etməsi və Ukraynadakı döyüşlərlə bağlı müəyyən "müjdələr" verməsi istisna deyil. Kremlin Qərbə bəzi ismarıclar göndərməsi də mümkündür. Hərçənd Ukrayna rəsmiləri preventiv addım ataraq bu cür təxribatlar barədə artıq xəbərdarlıq ediblər. Bu baxımdan, ola bilsin, Rusiya hakimiyyəti Ukraynanın "yalanlarını ifşa etmək məqsədilə" sözügedən addımı atmasın, 9 may təntənəsinə sadəcə daxili auditoriya üçün nəzərdə tutsun. Amma bu ehtimal daha azdır".
K.Novruzov onu da vurğuladı ki, ölkədə döyüşlər bütün gərginliyi ilə davam edir: "9 maya kimi Rusiya ordusunun hansısa yeni əraziləri işğal etməsi mümkündür. Lakin bu, ciddi əhəmiyyət daşımayacaq. Rusiya həmin gün simvolik olaraq Ukraynanın işğal olunmuş bəzi ərazilərində, o cümlədən separat bölgələrdə bayrağını dalğalandıra, bunun təbliğatını apara bilər. Lakin bütün hallarda mayın 9- da müharibənin taleyinə təsir edəcək miqyasda hadisənin baş verəcəyi ağlabatan deyil. Çünki savaş, bəlkə də, lazımdan çox uzandı. Və hərbi əməliyyatlara bu qədər tez nöqtə qoymaq daha mümkün deyil. Bir sözlə, mayın 9- da çox ciddi hadisələr gözlənilir. Və baş verəcəklər sadəcə simvolik xarakterli, təbliğat məqsədli olacaq".
Safura Bənnayeva
SİTAT.İNFO