"Müharibə Rusiya ərazisinə keçəcək, Putin müharibə uduzacaq" - Sərdar Cəlaloğlu Zelenskini SON ÇIXIŞINDAN danışdı

10:50 6 May 2022

"​​​​​Ukrayna alçaldıcı razılaşmaya və müharibənin dondurulmasına  getməyəcək.  Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya prezidenti Vladimir Putin ilə görüşərsə, razılıq əldə oluna bilər. Bəs görəsən, liderlərin təkbətək görüşü baş tutarsa, həqiqətən müsbət nəticə əldə oluna bilərmi? Sülh sazişi imzalanarsa, tərəflərin bir-birlərindən hansı tələbləri olacaq?

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu SİTAT.İNFO-ya açıqlamasında bildirdi ki, hazırda tələb qoyan tərəf Ukraynadır: " Artıq Ukrayna yalnız Rusiya kapitulyasiya elan edəcəyi təqdirdə danışıqlara getməyə hazır olduğunu bildirib. Eləcə də Ukrayna Rusiyanın vurduğu ziyanın ödənilməsini, Krım da daxil olmaqla bütün ərazilərdən rus qoşunlarının çıxmasını tələb edib. Bu tələb yerinə yetirilmədiyi təqdirdə ümumiyyətlə Ukrayna hər hansı bir danışıq və ya atəşkəs məsələsinin gündəmdə olmadığını deyib. Cəbhədə vəziyyət Ukraynanın xeyrinə dəyişdiyi üçün Ukrayna bu mövqedədir".

S.Cəlaloğlu Zelenskinin danışıqlarla bağlı mövqeyinin dəyişməsini belə izah edib: "Ukrayna ən müasir hücum silahlarını əldə edib. Burada həm uzaqmənzilli silahlar, həm yeni texnikalar var. Eləcə də Amerika Ukraynaya hərbi qüvvələr göndərməsi məsələsini konqresə çıxarıb. Faktiki olaraq əgər, Rusiya Ukraynaya qarşı müharibədə daha iri addımlar atarsa, digər dövlətlər Ukrayna tərəfdən vuruşmağa başlayacaq. Bunu Zelenski çox yaxşı bilir. Bu gün bütün dünya Ukraynanın yanındadır. Belə bir vəziyyətdə Ukrayna hər hansı bir güzəştə getməyəcək. Rusiyanın son vaxtlar ritorikası da dəyişib. Rusiya artıq  ukraynalıları faşist adlandırmaqdan imtina edib. Rusiya döyüşlər başlayanda irəli sürdüyü iddiaların əksəriyyətindən imtina edib. Ukrayna demək olar ki, danışıqlarda Rusiyanın vaxtilə qoyduğu tələblərin heç birini yerinə yetirmək niyyətində deyil. Çünki, Ukrayna müharibənin Rusiya ərazisinə keçəcəyini, Rusiyanın bu müharibədə uduzacağını düşünür. Lavrov da qeyd edir ki, Ukrayna sülh istəmir. Ukrayna tərəfi kifayət qədər gücləndiyinə görə Rusiya ilə hər hansısa alçaldıcı razılaşmaya getmək fikri yoxdur".

Ləman ŞƏRİFZADƏ

SİTAT.İNFO



Xəbər xətti