DİQQƏT! Rusiyanın təhdidinə qarşı dünya dövlətləri birləşməlidir: Kreml bu halda nüvə silahına əl atacaq

10:31 6 May 2022

Rusiya-Ukrayna müharibəsində üstünlük Ukrayna tərəfinə keçir. Rusiya dünyanı nüvə silahından istifadə ilə hədələyib. Rusiya, həqiqətən, nüvə silahı ata bilərmi?

SİTAT.İNFO-ya açıqlamasında bu sualı cavablandıran Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Xəyal Bəşirovun fikrincə, yaxın perspektivdə nüvə silahından istifadə edilməyəcək:
"Rusiyanın hazırkı durumu heç də Ukraynaya qarşı nüvə silahı işlədəcək səviyyədə acınacaqlı deyil. Düşünürəm ki, müharibədə hər şeyin şahidi ola bilərik. Rusiyanın Ukraynaya qarşı istifadə edə biləcəyi çox təhlükəli silahlar var. Rusiya Ukraynanın müqavimətini qırmaq üçün bu ağır silahlardan istifadə edə bilər. Nüvə silahı isə  dünya üçün qırmızı xəttdir. Buna görə də düşünmürəm ki, Rusiya yaxın perspektivdə  nüvə silahından istifadə edər".

X.Bəşirov vurğuladı ki, dünya birliyi Rusiyanın nüvə silahından istifadə etməsinin qarşısını almaq üçün kollektiv şəkildə iş aparmalıdır: "Təəssüflər olsun ki, biz dünya birliyi tərəfindən bu prosesin  aparılmasının şahid olmuruq. Ukraynaya ciddi şəkildə dəstək göstərən Avropa və Amerika Birləşmiş Ştatları bu məsələdə nüvə silahının qarışısını alacaq hər hansısa real addım atmır. Əksinə bu istiqamətdə vəziyyətin gərginləşdirilməsi üçün hər cür addımı atırlar. Nüvə silahının və digər təhlükəli addımların qarşısını sülh və  danışıqlar yolu ilə almaq olar. Bu günə qədər bu məsələdə real təşəbbüsü kənar dövlət olaraq Türkiyə ortaya qoyub. Təəssüflər olsun ki, Türkiyənin də bu danışıqlar prosesinə ev sahibliyi etməsi ilə bağlı atdığı addımların qarşısı alındı. Bunun nəticəsində danışıqlar prosesi dalana dirənib. Demək olar ki, danışıqlar prosesi həyata keçirilmir. Rusiyanın Ukraynaya qarşı nüvə silahı istifadə məsələsi o zaman reallaşa bilər ki, Rusiya məğlub duruma düşər və dağılmaq təhlükəsi ilə üzləşər. Bu isə hələki real görünmür".

Həmçinin, Xəyal Bəşirov nüvə silahından istifadənin Rusiya üçün də risk faktoru olduğunu qeyd edib: "Rusiyanın nüvə silahından istifadə etməsi Rusiyanın Ukraynaya yaxın əraziləri üçün təhlükədir. Bu eyni zamanda  Ukraynanın Donetsk, Luqansk, Krım bölgələrində yaşayan rusların həyatını riskə atır. İndiki nüvə başlıqlı silahlar 80-100 il öncəki silahlardan çox daha güclü, genişmiqyaslıdır. Rusiya tərəfi də bu amilləri nəzərə alır. Düşünürəm ki, Rusiya nüvə silahından istifadəni ən son həddə qədər təxirə salacaq. Ancaq hər bir halda Ukrayna vətəndaşlarının təhlükəsizliyi baxımından dünya dövlətləri birləşməlidir və  hansı yolla olursa olsun münaqişənin nüvə silahından istifadə həddinə gəlməsinin qarşısını almalıdır". 

Real Partiyasının icraçı katibi Natiq Cəfərli isə bildirdi ki, Rusiya nüvə silahı təhdidləri səsləndirsə də, bu silahdan istifadə etməyəcək: "Nüvə müharibəsi və nüvə silahı dünyanın sonu demək olar. Müəyyən dərəcədə,təbii ki,sona qədər ehtimal qalır. Lakin   nüvə müharibəsinin olması ehtimalını ən azından indiki dönəmdə qəbul etmək çətindir. Burada qalibiyyət mümkün deyil. Nüvə müharibəsinin qalibi olmur. Ona görə də bununla bağlı Rusiya tərəfindən təhdidlər səslənsə də reallıqda nüvə silahından istifadənin mümkünsüz olduğunu düşünürəm. Çünki bu dünyanın sonuna səbəb ola bilər".

Ləman Şərifzadə 

SİTAT.İNFO



Xəbər xətti