Paşinyan hakimiyyətdən getsə hər şey dəyişəcək: Bakı yeni mərhələ başladacaq...

11:56 6 May 2022

"Paşinyanın Qarabağın “statusu”nu arxa plana keçirməsi, Türkiyə və Azərbaycanla münasibətlərin normallaşdırılması istiqamətində fəallığa başlaması müxalifətin səbir kasasını daşırdı. Ermənistan müxalifətinin bir neçə gündür paytaxt İrəvanda başlatdığı etiraz aksiyaları daha da şiddətlənib. Polislə etirazçılar arasında paytaxtın mərkəzi küçələrində iğtişaşların baş verdiyi, küçə qarşıdurmalarının yaşandığı deyilir. Hazırda radikal müxalifətin bütün qanadları Baş nazir Nikol Paşinyanı devirmək üçün birləşib".

Bu sözləri SİTAT.İNFO-ya açıqlamasında siyasi şərhçi Turan Rzayev deyib.

Onun sözlərinə görə, əslində Paşinyan ölkə ictimaiyyətini mövcud reallıqlarla barışmağa, əks təqdirdə hərbi əməliyyatların qaçılmaz olduğuna inandırmağa çalışırdı: "Paşinyan başa düşür ki, sülh müqaviləsi tez bir zamanda imzalanmasa, nə Türkiyə ilə münasibətlər normallaşacaq, nə də Ermənistan Rusiyanın təsirindən xilas ola biləcək. Hazırkı etirazlar nə qədər ciddi görünsə də, Paşinyanın devriləcəyini düşünmürəm. Birincisi, etirazçıların sayı Paşinyanı devirmək üçün kifayət deyil. Məsələ ondadır ki, bir neçə gün öncə etirazçıların sayı 15 min həddində idisə, hazırda bu say 5 mindən azdır. İkincisi, hakimiyyətə qarşı etiraz aksiyaları təşkil edənlərin Ermənistanın düşdüyü vəziyyətdən çıxması üçün heç bir proqramı yoxdur".

Siyasi şərhçi hesab edir ki, Paşinyandan sonra nələr olacağını heç etirazçılara bəlli deyil: "Hazırda etirazçılar sadəcə olaraq Paşinyanı devirmək istəyirlər. Sonrakı planlarının nə olacağı isə nə özlərinə, nə də erməni cəmiyyətinə bəlli deyil. Üçüncüsü, erməni xalqı yaxşı başa düşür ki, Paşinyan devrilsə, Köçəryan, Sərkisyan, Vanetsyan, və ya bu kateqoriyadan olan başqa bir şəxs hakimiyyətə gələcək. Bu qüvvələr isə öz növbəsində əvvələr olduğu kimi hakimiyyəti bölüşdürməyə başlayacaqlar. Erməni xalqı daha hakimiyyətə can atan bu və ya digər qüvvələrin onların hesabına varlanmasını və ya onların siyasi məqsədləri üçün övladlarının qurban olmasını istəmir".

 Paşinyanın hakimiyyətdən getməsi ssenarisinə gəlincə, T.Rzayev dedi ki, bu nə antiteror əməliyyatlarına, nə də 44 günlük müharibə bənzəri bir müharibəyə səbəbə olacaq: "Rəsmi Bakı bu dəfə Ermənistanı sülhə məcburetmə əməliyyatına başlayacaq. Çünki müxalifətdən başa keçəcək istənilən şəxs bu və ya başqa formada konstruktiv nəsə etməyəcək. Rəsmi Bakı Dağlıq Qarabağ klanının nümayəndələrin nazı ilə bir 27 il də oynamaq niyyətində deyil".



Xəbər xətti