FED toplantısında verilən son qərarla dollar bütün dünyada bahalaşıb. Dollar indeksi təxminən 20 ilin ən yüksək səviyyəsinə – 104 punkta çatıb. Qızıl isə 1850 dollar qədər ucuzlaşaraq son 2 ayın ən aşağı səviyyəsinə görüb.
Təxminən 2 il davam edən pandemiya dövründə həyata keçirilən sərbəst pul siyasəti dünyada inflyasiyanı artırıb. Bütün dünyada dollar bahalaşır. Bəs manat da dollara qarşı ucuzlaşa bilərmi?
Məsələ ilə bağlı SİTAT.İNFO-ya açıqlama verən iqtisadçı alim, deputat Vüqar Bayramov bildirir ki, FED-in qərarından sonra ABŞ dollarının qlobal valyutaya, eləcə də sərbəst valyutaya nisbətən kəskin möhkəmlənməsi hələlik müşahidə olunmur: "Bu birbaşa onunla bağlıdır ki, valyuta bazarı FED- in dünənki qərarına hazır idi. Nəticədə verilən qərar valyuta bazarında ciddi dəyişikliklərə gətirib çıxarmadı. Təbii ki, avronun məzənnəsinin dəyişməsi Rusiya- Ukrayna müharibəsinin davam etməsi ilə bağlıdır. Eyni zamanda Avropanın tətbiq etdiyi sanksiyaların da öz iqtisadiyyatına neqativ təsirləri var. Bu da avronun dollara nisbətən məzənnəsinə təsir göstərir və güman olunur ki, sanksiyalar Avropa iqtisadiyyatına təsir etdiyi müddətcə avronun məzənnəsində azalmalar istisna olmayacaq. Çünki, Avropa iqtisadiyyatında proqnozlaşdırılan artımı əldə etməkdə çətinliklər var”.
İqtisadçı alim növbəti dövrdə manatın məzənnəsinin necə dəyişməsinin, Mərkəzi Bankın mövqeyindən, eləcə də neftin dünya bazarındakı qiymətindən asılı olaraq ölkəyə daxil olan valyutanın həcmindən asılı olacağını da qeyd edib.
Nigar Abuzər
SİTAT.İNFO