"Rusiyanın Ukraynada başlatdığı işğalçı müharibədən danışarkən əksər hallarda ABŞ və Qərb ölkələrinin rəsmi Kiyevə verdiyi iqtisadi-siyasi dəstək, silah yardımı qabardılır. Təbii ki, bu məsələ önəmlidir, lakin indiki məqamda Kremlin işğalçı siyasətini açıqca dəstəkləyən, bu ölkəyə hərbi, informasiya, humanitar dəstək verən ölkələr haqda məlumatlar daha çox qabardılmalıdır. Belə ölkələrdən biri də məhz Ermənistandır.
Rəsmi İrəvan özünü Qərbə müsbət göstərmək üçün Ukraynaya dəstək verirmiş kimi bir eyforiya yaradır. Həqiqət isə ondan ibarətdir ki, bu ölkə müharibənin ilk günündən bu günə qədər qeyd-şərtsiz Rusiyaya hər mənada dəstək verib, bu gün də verməkdədir".
Bu fikirləri mövzu ilə bağlı SİTAT.İNFO-ya açıqlamasında siyasi şərhçi Turan Rzayev bildirib.
Onun sözlərinə görə, Ermənistanın Ukrayna-Rusiya müharibəsi fonunda rəsmi Moskvaya dəstək verməsi ilk belə hal deyil: "Tarixə nəzər saldıqda rus-erməni işğalına dair onlarla fakta rast gəlmək olar. Misal üçün çar Rusiyasının 19-cu əsrdə Cənubi Qafqazı işğal etməsində ən böyük pay məhz ermənilərə məxsusdur. Başda Gəncə xanlığı olmaqla, əksər xanlıqların müqavimətinin uzun çəkməməsin əsas səbəbi ermənilərin xəyanət edərək ruslara dəstək verməsi idi.
1920-ci il aprelin 25-dən 26-na keçən gecə rus qoşunlarının Azərbaycana şimaldan hücum etməsi və az müqavimət ilə bir neçə saat ərzində Azərbaycan Xalq Cümhuriyyətini işğal etməsində də erməni xəyanəti böyük rol oynayır. Məsələ ondadır ki, həmin vaxt AXC-nin 60 mindən çox qoşunu mövcud idi, lakin həmin qoşunlar Qarabağda çıxan erməni üsyanını yatırmaq üçün bu əraziyə cəlb edilmişdi. Ruslar AXC-ni işğal etmədən öncə yenə erməni kartını oynayaraq böyük müqavimət görmədən Azərbaycanı işğal etdi.
Ermənilərin ruslara işğalçı planlarını həyata keçirmək üçün verdiyi dəstək qədər Kreml də hər zaman ermənilərə dəstək verib. Misal üçün Birinci Qarabağ müharibəsində Azərbaycanın məğlub olmasının ən əsas səbəbi Kremlin müharibədən bir qədər öncə Azərbaycanda, xüsusilə də Qarabağda yerli əhalidən silahları toplaması və rusların 366-cı alayının erməni işğalçılarına dəstək verməsi idi".
T.Rzayev bildirdi ki, 44 günlük müharibə zamanında rəsmi Moskva Ermənistana dəstək verdi, 500 tona yaxın silahı təmənnasız Ermənistana dəstək üçün göndərdi: "Təsadüfi deyil ki, aprelin 29-da ADA Universitetində 23 ölkədən 40 iştirakçının qatıldığı “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir daha bu məsələyə aydınlıq gətirdi. Ölkə başçısı açıqca qeyd edib ki, “44 günlük Vətən müharibəsi dövründə yük təyyarələri vasitəsilə Rusiyadan Ermənistana müntəzəm olaraq silahlar daşınıb”. Prezidentin qeyd etdiyi bu məqam faktiki olaraq “Azərbaycan Rusiyanın razılığı ilə Ermənistana müharibə açıb” arqumentini çürüdür. Peyk görüntülərindən də məlumdur ki, Rusiyadan Ermənistana 500 tona yaxın silah yardımı hava yolu ilə edilib. Bu reallıqlar altında hansısa danışılmış müharibədən söhbət belə gedə bilməz.
Nəticə etibarilə XX əsrin əvvəllərində bolşeviklərin iştirak etdiyi qırğınlardan tutmuş Birinci və İkinci Qarabağ müharibələrinə qədər hamısında Rusiya ilə Ermənistan bərabər olublar".
Siyasi şərhçi diqqətə çatdırdı ki, işğalçılığı dövlət siyasətinin əsas priorteti halına gətirən rəsmi İrəvan Ukrayna-Rusiya müharibəsi gedişində Kremlə açıqca dəstək verir: "Birincisi, Ermənistan Rusiyaya açıqca hərbi dəstək verir. Misal üçün Ermənistan martın 23-də 4 ədəd Su-30 tipli qırıcı təyyarəsini xüsusi təlim keçmiş pilotları ilə birgə Rusiyanın tabeliyinə verib. Paşinyan daha sonra hər nə qədər xəbəri inkar edib dezinformasiya adlandırsa da yayılan peyk görüntüləri əksini deyir. Misal üçün martın 18-də çəkilmiş peyk görüntülərində Ermənistandakı hava bazasında 4 Su-30 tipli döyüş təyyarəsinin olduğu aydın şəkildə görünür. Martın 25-də çəkilən növbəti görüntüdə isə Rusiyaya göndərilən Su-30 təyyarələri olduğu yerdə MiQ-29 qırıcıları görünüb. Yəni xəbərlər heç də Paşinyanın dediyi kimi dezinformasiya deyil. Bu belə özlüyündə rəsmi İrəvanın Rusiya-Ukrayna müharibəsində kimi tərəfində durduğunun isbatıdır".
T.Rzayev qeyd etdi ki, bu gün Rusiya ordusu təkribində vuruşan yüzlərlə erməni əsillə rus vətəndaşları ilə yanaşı erməni könüllülər də var: "Bu şəxslər tanklarına fəxrlə “Armenia” yazır Rusiya bayraqları ilə yanaşı erməni bayraqları da fəxrlə dalğalandırır.
İkincisi, az qala dünyanın hər yerində, həmçinin Bakıda Ukraynaya dəstək mitinqləri keçirildiyi halda Ermənistanda Rusiya lehinə mitinqlər təşkil edildi. Bundan başqa rəsmi İrəvan müharibə başlayandan dəfələrlə Ukraynadakı separatçılara humanitar yardımlar da göndərib. Bu da öz növbəsində Ermənistanın Rusiyaya humanitar dəstəyini sübut edir".
Siyasi şərhçi vurğuladı ki, Ermənistanın Rusiya-Ukrayna müharibəsində bəlkə də ən böyük dəstək informasiya dəstəyidir: " Rusiyanın Ukraynada başlatdığı işğalı müharibədə erməni dezinformasiya maşını və onun sözdə media kapitanları da canla-başla iştirak edirlər. Başda Rusiyanın RT kanalının baş redaktoru, erməni əsilli Marqarita Simonyan olmaqla Keosanyan, Kurqinyan, Şahnazarov, Qabrielyanov, Babayan, Mirzayan, Baqdasarov və başqaları Rusiyanın işğalçı siyasətini açıqca dəstəkləyir. İnformasiya propaqandasında ən aktiv şəkildə iştirak edən bu şəxslər təsadüfi deyil ki, Qərbin də hədəf oxuna tuş gəlib, başda Simonyan olmaqla, adını çəkdiyim şəxslərin bir çoxunun Qərb ölkələrinə səfər etməsi qadağan edilib. Adları qara siyahıya salınıb".
Safura Bənnayeva
SİTAT.İNFO