Bakıda 164 nömrəli orta məktəbdə keçirilən 9 May - Qələbə Günü tədbirində şagirdlərin sinəsinə Rusiyanın imperiya simvollarından biri olan "Georgi lenti" yapışdırılıb.
Məsələ ilə bağlı Sitat.info-ya açıqlama verən Sərdar Cəlaloğlu bildirir ki, belə halların baş verməsinə səbəb Azərbaycanda Rusiyaya meyilli qüvvələrin olmasıdır:
"Açıq şəkildə etiraf etməliyik ki, Azərbaycanda Rusiyanın maraqlarını müdafiə edən, Rusiyanın casusları, Rusiya ilə iqtisadi maraqları olan, vaxtilə Rusiyaya xidmət etmiş adamlar kifayət qədərdir. Eləcə də dövlət məmurları arasında Rusiyanın maraqlarını müdafiə edən insanlar var. Bunlar mütəmadi olaraq, hər fürsətdən istifadə edərək Azərbaycanda Rusiyanın maraqlarını bu və ya digər şəkildə müdafiə edirlər. İndiki halda da həmin məktəb direktorunun əri Maarif Nazirliyində işləyib. Bu nazirlik Azərbaycanda məktəblərin 30-40 faizini rusdilli təhsillə əvəz edib. Bu nazirlik Ermənistan bayrağı rəngində dərslik buraxıb. Tarix kitablarında Azərbaycan ərazisini Ermənistan ərazisi kimi təqdim edirlər. Buraxdıqları dəftərlərin üzərində Nizamini fars şairi kimi təqdim edirlər. Ona görə də hər şey təbiidir".
Sərdar Cəlaloğlu Rusiya meyilli qüvvələrin hakimiyyətdən kənarlaşdırılmasını qeyd edib:
"Azərbaycanda illuminati siyasəti gedir, nə qədər ki, Rusiya ilə bağlı olan adamların hamısının hakimiyyətdən kənarda saxlanması təmin edilməyib, təmizləmə işi aparılmayıb, biz daxildən hər cür xəyanətə rast gələcəyik".
Ləman Şərifzadə
Sitat.info