Məlum olduğu kimi, Rusiya-Ukrayna müharibəsi, Avropadan verilən sanksiyalar Rusiyadan Avropaya qaz idxalını azalması ilə nəticələndi. Digər tərəfdən Avropaya qaz təchizatını artırmaq məqsədilə Avropa İttifaqı Azərbaycanla danışqlara başladı və buna müəyyən qədər nail oldu. Bundan başqa Azərbaycandan Türkiyəyə də qaz ixracını artırır.
Bu ilin 1-ci rübündə Azərbaycandan Türkiyəyə 2.2 milyard kubmetr, Avropaya 2.6 milyard kubmetr, Gürcüstana isə 1.1 milyard kubmetr təbii qaz ixrac edilməsi ilə bağlı Azərbaycanın energetika naziri Pərviz Şahbazov özünün "Twitter" hedabında məlumat paylaşıb.
Bu da onu göstərir ki, gündən-günə qaz ixracı artır. Digər tərəfdən isə dünya bazarında mavi yanacağın qiyməti qalxır. Bu amillər Azərbaycanda təbii qazın tariflərinə təsir edə və qiymətlərin artmasına səbəb ola bilərmi?
Mövzu ilə bağlı SİTAT.İNFO-ya açıqlama verən deputat, iqtisadçı alim Vüqar Bayramov bildirdi ki, Avropada mavi qazın qiymətinin artmasının səbəbi bir mənbədən asılı olması ilə bağlıdır: "Avropanın qaza olan tələbatının 42%-i "Qazprom" tərəfindən ödənilir. Ona görə də Rusiya-Ukrayna müharibəsində Avropada mavi qazın qiymətində kəskin artım müşahidə olunur.
Azərbaycan mavi qazı idxal və ixrac edən ölkədir və 2021-ci ildə Azərbaycan 43.9 milyard kubmetr mavi qaz hasil edib. Eyni zamanda daxili istehlak 13 milyard kubmetr olub.
Cənub qaz dəhlizi vasitəsilə Azərbaycan Türkiyə, Avropa və Gürcüstana 18,5 milyard kubmetr mavi qaz nəql edib".
V.Bayramovun fikirlərinə əsasən, rəqəmlər də göstərir ki, Avropada olduğu kimi Azərbaycanda da mavi qazın artmasına iqtisadi zəmin yoxdur: "İndiki halda mavi qazın qiymətinin artımı gündəmdə olmamalıdır. Azərbaycan qaz istehsal edən, Avropa isə qaz idxal edən ölkədir. Buna görə də Avropadakı mavi qazın qiymətinin artması Azərbaycanda mavi qazın qiymətinə təsir göstərməməlidir. Hər bir halda mavi qazın qiymətinin tənzimlənməsi haqqında qərar Tarif Şurasının qərarı ilə verilir".
Safura Bənnayeva
SİTAT.İNFO