Pensiya yaşının 5-10 il azaldılması təklifi: Hökumət buna hansı səbəbdən getməyəcək?

17:13 7 May 2022

Milli Məclisdə deputat Fəzail Ağamalı  pensiya yaşının kişilər üçün 60, qadınlar üçün 55 yaş olmasını təklif edib. Bu təklifin həyata keçirilməsi nə qədər real görünür? Hökumət belə bir addıma gedəcəkmi?

 İqtisadçı ekspert  Fuad İbrahimov   SİTAT.İNFO-ya açıqlamasında bildirdi ki, bu prosesin həyata keçilməsi nəzəri cəhətdən mümkündür: 

"Mən bir vətəndaş kimi bu təklifin tərəfdarıyam. İstəyərəm ki, dövlətimiz, ölkəmiz o qədər zəngin olsun ki, insanlar təqaüd imkanından tez yararlansınlar.  Bu təklifdən irəli gələn məsələləri həll etsək, iqtisadiyyatımız defolt vəziyyətinə düşməz. Bu problem deyil. Sadəcə olaraq, bu yanaşmanı institusional, sistemli şəkildə illər öncə dəyərləndirməliydik. Bütün problemlərimizi vaxtında həll edib, artıq xərclərimizin qarşısını alsaydıq, bu gün daha rahatlıqla bu haqda danışa bilərdik. Prezidentimiz də öz çıxışlarında müəyyən məsələlər üzrə ayrılmış vəsaitlərin təyinatından kənarlaşdırıldığını bildirmişdi.  Bu təklifin həyata keçirilməsi nəzəri cəhətdən mümkündür, lakin praktiki cəhətdən hökümət buna getməyəcək". 

Fuad İbrahimovun fikrincə, təkmilləşdirilmiş iqtisadi model yaranarsa, bu təklifi həyata keçirmək mümkündür:
"Düşünürəm ki,  hazırkı iqtisadi göstəriciləri dəyərləndirib, səliqə-səhmanlı xərclər fonunda normal bir iqtisadi model yaransa, bu sosial yanaşmanı həyata keçirmək mümkündür. İqtisadiyyatımızda buna hər cür imkan var"

Ləman Şərifzadə

SİTAT.İNFO



Xəbər xətti