Qarabağda separatçılara sahib çıxmaq istəyənlərin sayı artır. Bir tərəfdən Qərb dövlətləri, ABŞ, digər yandan Rusiya separatçıları ələ almaq, onlardan istifadə etmək istəyir. Bu gedişlə Qarabağda referendum və muxtariyyət məsələsi gündəmə gələ bilər. Hər kəsi narahat edən məsələ budur ki, Azərbaycan gözlənilən bu hallara qarşı hansı qabaqlayıcı addımlar atmalıdır?
Bununla bağlı SİTAT.İNFO-ya açıqlama verən hərbi ekspert Üzeyir Cəfərov bildirdi ki, seperatçılar Qarabağda olduğu müddətdə bizi çox problemlər gözləyir: "Ermənistanda baş verənlər, Qarabağ ərazisində qalan erməni tör-töküntüləri çoxlarının maraq dairəsindədir. Seperatçılar Ermənistandan yan keçərək Moskvaya üstünlük verirlər. Rusiyanın Ermənistandakı səfirliyi də bu işdə çox aktivdir. Dəqiq məlumat var ki, Ermənistanda olan Rusiya səfirliyinin hərbi ataşşesinin aparat əməkdaşları tez-tez seperatçılarla ünsiyyətdə olur, onlara lazım olan göstərişləri verirlər. Əlbəttə, seperatçılar onlar üçün münbit materialdır və ondan istifadə etmək fürsətini əldən buraxmırlar. Düşünürəm ki, Azərbaycan tərəfi seperatçıların bölgədən təmizlənməsi üçün Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyi xətti ilə müəyyən təzyiqlər göstərməlidir. Çunki, vaxt ötdükcə onlar daha da şaxələnir və yayılırlar. Bu da bizim problemlərimizin get-gedə dərinləşməsinə səbəb olacaq".
Hərbi ekspert iddia edir ki, bu məsələ ilə bağlı ciddi addım atılmasa seperatçıların referendum iddiaları reallaşmağa doğru gedə bilər: "Qondarma pasport paylama və digər məsələlər ola bilər. Buna imkan vermək olmaz. Rusiya sülhməramlılardan tələb etmək lazımdır ki, seperatçıların qanunsuz hərəkətlərinin qarşısı alınsın. Alınmayacağı təqdirdə isə Azərbaycanın igid oğlanları, xüsusi təyinatlıları müəyyən işləri görməlidirlər. Mənim yanaşmam ondan ibarətdir ki, seperatçıları qızışdıran qüvvələr var. Seperatçıların qarşısı alınmalıdır. Bunun üçün tədbirlər çoxdan hazırdır, yaxın günlərdə addım atılacaq".
Lamiyə Xəqani
SİTAT.İNFO