Nə Qərb, nə də Rusiya mələk deyil: Bu müharibədə kimlərin günahı var?

12:05 10 May 2022

Rusiya prezidenti Vladimir Putin Moskvada keçirilən 9 May qələbə paradında müharibənin , NATO-nun Rusiya sərhədlərinə yaxınlaşması, Rusiyanın işğal təhlükəsində olmasısəbəbindən başladığını qeyd etdi. Artıq neçənci dəfədir ki, Putin bənzər açıqlama verir, Qərbi günahkar çıxarır.

Bəs görəsən həqiqətən, Qərb Rusiyanın torpaqlarını  işğal etməyi planlaşdırırdımı? Putin bu arqumentlərdə haqlıdırmı?

Bu suallarla bağlı Ağ Partiyanın başqan müavini, siyasi şərhçi Əhəd Məmmədli Sitat.info-ya açıqlamasında bildirdi ki, bu məsələdə konkret olaraq Rusiyanı, ya da Qərbi mələk kimi göstərmək lazım deyil: “Bizdə qərbpərəstlər bu məsələdə bütün günahı Rusiyanın üstünə atırlar. Cəmiyyətimizdə ruspərəstlər sayca azdırlar.  Onlar da günahları Qərbin üstünə atırlar. Məsələyə biraz " fanklub" səviyyəsində yanaşılır. Burada hər iki tərəfin günahı var, hər ikisi imperialist tərəfdir. Hər iki tərəfin maraqları var. Qərbin maraqları o idi ki, NATO Şərqə tərəf genişlənməli idi. Rusiya da bunun əleyhinə idi. Rusiya bunun qarşısını almaq üçün son yola əl atmağa çalışdı. Onun da öz maraqları var idi. Rusiya heç vaxt Ukraynanın itirilməsi ilə razı deyildi. Ukrayna həmişə rus imperiyasının Avropaya açılan qapıları olub. Rusiya bu  qapıların bağlı qalmasına göz yuma bilməzdi”.

Qərbin Rusiyanı işğal etməsinə gəldikdə isə Ə.Məmmədli vurğuladı ki, Qərb müharibə edərək Rusiyanı işğal edəcək deyildi: “ Ancaq Qərb Rusiya sərhəddinə doğru genişləndikcə,  Rusiya mühasirəyə alınacaqdı. Bu da Rusiyanın dövlət maraqlarına təhlükə idi. Ruslar bu təhlükənin qarşısını aldıqlarını qeyd edirlər və buna bəraət qazandırırlar".

Əhəd Məmmədlinin fikrincə, Qərbin Rusiyanı işğal etməsindən söhbət gedə bilməzdi: "Təbii ki, burada  hansısa işğaldan söhbət  gedə bilməzdi. Amma Rusiya Federasiyası Sovetlər Birliyinin aqibətini yaşaya bilərdi. Əslində  Rusiya Federasiyası  Ukraynaya qarşı müharibə elan edərək bu aqibəti özü yaxınlaşdırdı. Bu müharibə ilə Rusiya özünü həm  siyasi, həm hərbi, həm də iqtisadi baxımdan çətinliyə saldı".

Ləman Şərifzadə

SİTAT.İNFO



Xəbər xətti