2 gün öncə “Greencard” lotereyasının nəticələri açıqlanıb. Sosial şəbəkələrdə hər kəs “Greencard” qaliblərinin sevincini bölüşür.
Qalib iştirakçıların bəzilərinin isə bu barədə təsəvvürü tam fərqlidir. İnsanlar ABŞ-a getsələr, hər şeylə təmin olunacaqlarını düşünürlər. Əslində isə “Greencard” təkcə yaşamaq və işləmək hüququ verir. Digər faktorlar yenə də öz ölkəsində olduğu kimi insanın özündən asılıdır. Maraqlıdır ki, “Greencard” qazananlar ora getməzdən əvvəl hansı tələblərə cavab verməlidir ki, normal yaşaya bilsinlər? Bu xoşbəxt həyatın başlanğıcıdır, yoxsa Amerika kimi qarışıq ölkədə onları daha böyük çətinliklər gözləyir?
Məsələ ilə bağlı SİTAT.İNFO-ya açıqlama verən iqtisadçı alim Natiq Cəfərli bildirdi ki, “Greencard” ancaq vətəndaşlara Amerikada leqal şəkildə yaşamaq və işləmək hüquq verir: “İnsan 5 il ərzində qanun pozuntusu etməsə, işi, sığortası olsa və ona mütəxəssis kimi tələbat olsa, 5 ildən sonra vətəndaşlığa müraciət etmək hüququna sahib olar. Yəni, bu Amerikaya gedən insanlara “Greencard”ları var deyə ev, iş verəcəkləri, onların hansısa bir formada müavinətlə təmin olunacaqları mənasına gəlmir. Dil bilmək, mütəxəssis olmaq, iş,ev tapmaq və sığortalı olmaq şərtdir. Bu asan məsələ deyil. Təbii ki, hər kəsin istədiyi yerdə yaşamaq hüququ var və buna can atması da normaldır".
İqtisadçı ekspert, mütəxəssis olanların, dil bilənlərin, özünə güvənib iş tapacaqlarına əmin olanların “Greencard” la bağlı müraciət etmələrinin daha məntiqli olduğunu dilə gətirib: "Çünki, onları müxtəlif çətinliklər gözləyir. “Greencard” udanlar belə ora uyğunlaşıb yaşaya bilmirlər, geri qayıtmaq məcburiyyətində qalırlar. Amerikaya yel əsib qoz tökülməyib. Çətin mühitə öyrəşmək üçün mütəxəssis olmaq, ingilis dilini mükəmməl bilmək çox vacibdir.”
Nigar Abuzər
SİTAT.İNFO