Avtomobil bazarında durğunluq müşahidə olunur. Yeni avtomobillərə tələbatın azaldığı müşahidə olunarkən, qiyməti nisbətən ucuz olan ikinci əl avtomobillərə maraq böyükdür.
Avtomobil bazarındakı vəziyyəti dəyərləndirən "Avtomobil TV"nin rəhbəri, ekspert Elvin Hüseynov SİTAT.İNFO-ya açıqlamasında bildirdi ki, Rusiya istehsalı avtomobillərə tələbat azalıb: "8 mayda təşkil olunan bazar çox sönük keçdi. Öncəki həftələrdə demək olar ki, satış üçün təklif olunan avtomobilləri saxlamağa yer tapılmırdı. Bu həftə həm Bakı, həm Sumqayıt bazarlarının 30-40 faizlik hissəsi boş idi. Təklif olunan maşınlar 30-40 faiz azalmışdı. Yazda satışlarda canlanma gözlənilirdi, lakin bazarda uzunmüddətli durğunluq müşahidə olunur".
Durğunluğa səbəb keçən il ölkəyə rekord sayda ikinci əl avtomobilin gətirilməsi ilə bağlıdır: "Gömrük Komitəsinin rəsmi açıqlamasında say qeyd olunub. İkinci əl avtomobillər, əsasən Avropa və Amerikadan gətirilir. Bu avtomobillər bazarda Rusiya istehsalı avtomobillərin qiymətində ucuzlaşmaya səbəb olur. Bakıda, ümumiyətlə, VAZ markalı avtomobillərə tələbat 70-80 faiz azalıb. El arasında "dördgöz" olaraq tanıdığımız Mercedes E klass,C klass sinifi maşınlara da şəhərdə tələbat azalıb. Tələbatın azalmasına digər səbəb isə şəhərdə parkinq və tıxac probleminin olmasıdır. İnsanlar, əsasən, uzunluğu daha az olan maşınlara üstünlük verirlər. Ekonom mühərrikli 1.4, 1.5, 1.6 həcmdə olan avtomobillərə və daha qısa avtomobillərə üstünlük verilir".
E.Hüseynov vurğuladı ki, hazırda 1.5 dizel mühərriklərə və 1.5 benzin-hibrid sistemlərinə daha çox tələbat var: "Misal üçün,1.5 mühərrikli "Kia Rio" və ya hər hansısa bir "Hundai" modelləri həm taksi işinə yaradığına, həm ölçüləri kiçik olduğuna görə bir neçə günə satılır. "Prius" və "HONDA"-nın bəzi modelləri də çox satılanlara aiddir".
Ekspert satışların payızda artacağını ehtimal edir: "Yay aylarında da satışlarda azalma müşahidə oluna bilər. Payız aylarında satışlarda aktivlik artacaq. Qiyməti əsasən 8-12 min manat aralığında olan maşınlar daha tez satılır. Artıq qiyməti 14-15 min manat olan maşınlar gec satılır. Hazırda alıcılar maşının saz vəziyyətdə olmasına, xarici görünüşünə və qiymətinə daha çox diqqət edirlər".
Ləman ŞƏRİFZADƏ
SİTAT.İNFO