"Avropa Birliyinə tamhüquqlu üzvlüklə bağlı kifayət qədər ciddi prosedurlar və şərtlər var. Hazırda Ukrayna həmin prosedurları yerinə yetirmək imkanından çox-çox uzaqdır. Yəni, Ukraynanın indiki vəziyyəti Avropa Birliyinin tamhüquqlu üzvlük şərtlərinə uyğun deyil".
SİTAT.İNFO xəbər verir ki, bu sözləri siyasi şərhçi Elçin Xalidbəyli deyib.
O, vurğulayıb ki, Ukraynanın problemləri yalnız siyasi və hüquqi sistemin Avropa Birliyinin standartlarına uyğun olmaması ilə məhdudlaşmır: "Həmin problemlərin sırasına Ukraynanın ərazi bütövlüyü ilə bağlı ciddi problemlərinin olması da var. Çünki, Avropa Birliyi ərazi problemləri olan, hərbi münaqişələrə cəlb olunma ehtimalı yüksək olan dövlətləri öz sıralarına qəbul etmir. Yəni, Avropa Birliyi belə üzvlər ucbatından gələcəkdə həmin dövlətin ərazi bütövlüyü ilə bağlı problemlərinə şərik çıxmaq istəmir".
E.Xalidbəyli onu da qeyd etdi ki, Avropa Birliyinin tamhüquqlu üzvlük məsələsində yazılmamış şərtləri də mövcuddur: "Bu qurum əsasən, NATO-ya üzv olmuş və ya üzv olmaq potensialı şübhə doğurmayan ölkələri öz sıralarına qəbul edir. Yəni, üzvlüyə iddialı ölkənin öz milli təhlükəsizlik maraqlarını NATO sayəsində təmin etməsi olduqca önəmli yazılmamış şərtdir. Bu prinsip Avropa Birliyinə öz coğrafiyasının hərbi təhlükəsizliyini təmin etməyə imkan verir.
Nəhayət, hazırda şəhərləri, sosial-iqtisadi infrastrukturu və s. həyati sistemləri dağıdılmış Ukrayna Avropa Birliyi üçün arzuolunmaz üzv olardı. Çünki, Avropa Birliyinə üzv olacağı təqdirdə, Ukraynanın yenidən qurulması bu qurumun üzərində ağır yük rolunu oynaya bilər.
Digər tərəfdən, Ukraynanın Avropa Birliyi üçün Rusiya ilə bufer zona kimi qalması daha cəlbedicidir. Avropa Birliyinə üzv olacağı təqdirdə isə Ukrayna bu qurumun Rusiya ilə sərhəd təmasını yaratmış olacaq. Böyük ehtimalla Avropa Birliyi Rusiya ilə sərhəd qonşuluğuna hələ o qədər də hazır deyil".
Siyasi şərhçi hesab edir ki, istisna halların olması da mümkündür: "Təbii ki, bir çox əlavə səbəblər də sadalamaq mümkündür. Ancaq reallıq ondan ibarətdir ki, Ukrayna hazırda Avropa Birliyinin üzvlük standartlarından və şərtlərindən çox uzaqdır. Ukraynanın indiki situasiyada Avropa Birliyinə üzv ola bilməsi üçün istisna hal kimi, rəsmi Kiyevə münasibətdə öz şərtlərini çiddi şəkildə yumşaltmalıdır. Belə bir yumşalmanın olub-olmayacağı isə Ukrayna-Rusiya müharibəsinin nəticələrindən asılı ola bilər".
Nərgiz,
SİTAT.İNFO