Azərbaycan neftinin 1 barelinin qiyməti 2.78 ABŞ dolları, yaxud 2.49 faiz ucuzlaşıb. "Azerlight" markalı neftin qiyməti 108.77 ABŞ dolları təşkil edib.
Bəs görəsən ucuzlaşma nə qədər davam edəcək? Neftin qiyməti ilə bağlı nə kimi gözləntilər var? Avropanın Rusiyaya qarşı sanksiyaları qiymətlərə necə təsir edə bilər?
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban SİTAT.İNFO-ya açıqlamasında bildirdi ki, dünya birjalarında neftin qiyməti ucuzlaşıb: "Azərbaycan neftinin maksimum qiyməti ötən həftənin bazar ertəsi 117 dollara qalxmışdı. Neftin qiyməti ucuzlaşır.
Ucuzlaşma Avropanın Rusiyaya qarşı sanksiyaların 6-cı paketini qəbul etmək istəməsi bağlıdır. Bu sanksiyalar hələ qəbul edilməyib".
İlham Şaban vurğuladı ki, Rusiyaya qarşı embarqo tətbiq olunarsa, qiymət artacaq: "Rusiyadan enerji asılılığının azaldılması məsələsi gündəmdədir. Rusiyaya qarşı embarqo qoyulması xəbəri gəlsə, neftin qiyməti 120 dollar da ola bilər. Ancaq bunun əksi olarsa, bəlkə, qiymət 99 dollar olacaq. Bundan sonra tarazlaşma məsələsi gündəmə gəlir. Amerika Enerji Administrasiyası cari illə bağlı proqnozlarını açıqladı. Proqnoza görə orta qiymət 103,35 dollardır. Əsas orta qiymətdir. Orta qiymətin 50 faizə qədər artımını bir çox enerji mərkəzləri, investisiya bankları proqnoz edirlər. "Brent" markalı neft keçən ili 71 dollarla yekunlaşdırmışdı. Cari il üçün dünyadakı hərbi-siyasi gərginliyin fonunda bazarların alqı -satqı istiqaməti korreksiyaya uğradığı üçün bu gün yüksək artım qeydə alınır. Buna görə də qiymətlərin günlük, həftəlik dəyişməsi o qədər də məna kəsb edən məsələ deyil".
Ləman Şərifzadə
SİTAT.İNFO