Zelenski Qərbdən aldığı silahlarla nə edəcək: Rusiya ərazilərinin intensiv atəşə tutulması mümkündürmü?

15:38 11 May 2022

"Qərbin Ukraynaya verdiyi silahların bir çoxu texniki göstəricilərinə görə Rusiya silahlarını geridə qoyur. Bu, müharibə əməliyyatlarında Kiyevə üstünlük qazandırır, amma bu üstünlük özünün yüksək səviyyəsinə çatmayıb".

SİTAT.İNFO xəbər verir ki, bu sözləri siyasi şərhçi Aqşin Kərimov deyib.

Onun sözlərinə görə, Rusiyanın özünün də analoqsuz silahları var, amma onlar bu cür hərbi əməliyyatlar üçün nəzərdə tutulmayıb: "Qitələrarası ballistik raketlər  siyahısında Rusiya öndədir, ən uzaqmənzilli raketlərə sahibdir. Lakin onların istifadəsi qlobal müharibədə mümkündür, hərçənd ki, Rusiyanın Ukraynada daha nələrə imza atacağı bəlli deyil".

Siyasi şərhçi vurğuladı ki, hələlik Volodimir Zelenskinin birbaşa Rusiya ərazisini atəşə tutmaq kimi genişmiqyaslı planının olduğunu düşünmür: "Çünki Kiyevin məqsədi işğal edilmiş ərazilərə əks-hücumlar həyata keçirməkdir. Əgər Qərb Rusiyanı Ukraynadan sıxışdırıb öz sərhədlərinə çəkməyə məcbur edə bilsə,  bu zaman Rusiya ərazilərinin intensiv atəşə tutulmasını söyləmək mümkündür. Amma bu zaman da Rusiya aqressiyasının tonunu elə səviyyədə artırar ki, bəşəri fəlakət çatları genişlənər".

Nərgiz,

SİTAT.İNFO



Xəbər xətti