Paşinyan devrilə, hətta güllələnə bilər: Ermənistanda idarəolunmaz vəziyyət yaransa...

16:49 11 May 2022

"Ermənistanın paytaxtında mayın 2-dən başlayan itaətsizlik aksiyasının davam etməsi və getdikcə əhatə dairəsinin, iştirakçı sayının genişlənməsi proseslərin arxasında xarici “dirijor”ların dayanmasına şübhə yeri qoymur".

Bu fikirləri SİTAT.İNFO-ya açıqlamasında siyasi şərhçi Elşad Paşasoy deyib.

O bildirib ki, proseslərin tezliklə səngiyəcəyini proqnozlaşdırmaq çox çətindir: "Düzdür, ara-sıra aksiyalara polis müdaxiləsi olur, fəallar saxlanılır, amma bu, epizodik xarakterlidir. Bu mənada istisna deyil ki, ölkədəki etirazlar həm də baş nazir Nikol Paşinyanın “əlinə işləyir”. Düzdür, bu aksiyalarda onu söyürlər, xəyanətdə ittiham edirlər, Türkiyə və Azərbaycana işləməkdə suçlayırlar, amma nə olsun, Paşinyan özünün və ölkəsinin məkrli hədəflərinə çatmaqdan ötrü hər cür ağır ifadələri eşitməyə hazırdır".

E.Paşasoyun fikrincə, təəssüf ki, Azərbaycanda bir çox müşahidəçilərdə N.Paşinyanın “sülh nağılları”na aludəçilik yaranıb: "Hesab olunur ki, o, deyildiyi kimi, Türkiyə və Azərbaycana işləyir, ermənilərin yüz illərə dayanan maraqlarını satıb və sair. Amma unutmaq lazım deyil ki, 2018-ci ilin aprelində - elə indiki kimi – küçə etirazlarının nəticəsində Serj Sərkisyanın hakimiyyətinə son qoyan və qolusarıqlı vəziyyətdə rəhbərliyi ələ keçirən Nikol ikinci turda qələbəsini təmin edəndən bir gün sonra, mayın 9-da Şuşa və Xankəndiyə gəldi, burda meymunluq eləməyə başladı. Hansı ki, bir çoxlarımız “müharibə partiyası”na aidiyyatı olmayan Paşinyanın konstruktiv mövqeyinə inanırdıq, ancaq o, pis nümunə göstərərək oğlunu Qarabağa hərbi xidmətə göndərməklə kifayətlənmədi, böyük müharibəyə gətirib çıxaran “Qarabağ Ermənistandır. Nöqtə” sərsəmləməsini də dilə gətirdi. Bu mənada əgər Birinci Qarabağ müharibəsindəki cinayətlərin əsas günahkarı Sərkisyan-Köçəryan cütlüyüdürsə, 44 günlük müharibənin qurbanlarına görə məsuliyyət daşıyan əsas şəxs məhz Nikol Paşinyandır. Bu mənada övladlarının öldü-qaldısından hələ də xəbər tuta bilməyən erməni valideynlərin Paşinyanın yaxasından yapışması, onu təqib etmələrində məntiq var. Eyni zamanda heç şübhəsiz ki, Paşinyan Ali Baş Komandan statusunda orduya Azərbaycanın yeni əraziləri uğrunda hücum əmrini verdiyinə, dinc vətəndaşlarımızın və hərbçilərimizin ölümünə görə də vaxt gələcək ədalət məhkəməsində cavab verəcək. Ən azı beynəlxalq ədalət olsa, bu, baş verməlidir".

Siyasi şərhçi hesab edir ki, Paşinyanın addımları yalnız öz hakimiyyətini qorumağa hesablanıb: "Paşinyanın Azərbaycan Prezidenti ilə müharibəyəqəsdərki təmasları belə ümid yaradırdı ki, o, müharibədən yayınmağa və işğal altındakı torpaqlarımızı azad etməyə hazırlaşır. Amma sonralar aydın oldu ki, o, sadəcə hakimiyyətinin ömrünü uzatmaq, kreslosunda möhkəmlənmək üçün təmaslara meyllidir. Eyni məkrli siyasət davam etdirilir. Baxın, ortada Moskva və Brüsseldə əldə olunmuş razılaşmalar var, amma Paşinyan masa arxasında “mələk” libasına bürünür, İrəvana qayıtdıqdan sonra erməni revanşistlərini arqumentsiz qoymaqdan ötrü ənənəvi simasını bərpa edir. Əks təqdirdə, Brüsseldə Azərbaycanın 5 şərtini sözsüz qəbul edən baş nazir indi Bakıya 6 bəndlik təkliflər yollamazdı. Elə bu günlərdə Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfovun işğaldakı Kərki və Qazaxın 7 kəndi ilə bağlı açıqlamasına Ermənistandan absurd reaksiyaların verilməsi, “stəkanda fırtına qopartmaq” cəhdləri, hətta bu kəndlərin Başkənd ərazisi ilə əvəzləmək kimi cəfəng iddiaları Ermənistanın hələ də ağıllanmadığını nümayiş etdirir".

E.Paşasoy Ermənistanın ikili oyun oynadığını diqqətə çatdırdı: "Seyran Ohanyan kimi cani keçmiş hərbçiləri Şuşa uğrunda döyüşlərə səfərbər olmağa çağırırsa və hakimiyyətin buna sərt cavabı yoxdursa, deməli, Ermənistan hakimiyyəti ikibaşlı oyun oynayır. Elə Paşinyan özü etiraf etmişdi ki, müharibənin sonadək davam etdirilməsinin əsas səbəbi Şuşa uğrunda döyüşlər olub. Vaxtilə Şuşaya konyak içib, şıllaq atan Paşinyan hazırda deyə bilmədiklərini Xocalı canisi Ohanyan, daşnak Saqatelyan kimi cinayətkarların dili ilə ictimailəşdirir, özü isə “sülhməramlı” imicini qorumağa çalışır. Görünən budur ki, Nikol Paşinyan küçə etirazlarından öz məqsədləri naminə istifadə etməyi hədəfləyib, Bakı ilə danışıqlarda “baxın, mən birtərəfli güzəştlərə getsəm, devriləcəyəm və hakimiyyə müharibə tərəfdarları, Azərbaycanı və Türkiyəni düşmən hesab edənlər gələcək” kimi bəhanələri dilə gətirmək üçün. Amma hesab edirəm ki, artıq bu nağıllar keçməz, Azərbaycanın 2020-ci ilin 10 mayından etibarən diqtə etdiyi yeni reallıq var".

 

Siyasi şərhçi vurğuladı ki, bu gün Ermənistan hakimiyyətində kimin olmasının bizimçün heç bir əhəmiyyəti yoxdur: "Kapitulyasiyaya imza atmış ölkə öhdəliklərə əməl etməlidir, vəssalam! Eks-prezident Levon Ter-Petrosyan haqlı olaraq demişdi ki, kapitulyasiya aktını Paşinyan imzalamayıb, bütövlükdə Ermənistan imzalayıb. İstisna deyil ki, Ermənistanda yenidən ənənəvi terrora əl atsınlar, hətta Paşinyanın başına güllə çaxsınlar, ən yaxşı halda onu devirsinlər. Hətta ermənilər öz maraqları naminə yekunda anlaşıb da, yeni hakimiyyət qura bilərlər, dünyaya “baxın, bütün bunlar Qarabağa görə oldu” iddiasını təqdim etməkdən ötrü. Amma bütün bunların Azərbaycanın mövqeyinə heç bir dəxli yoxdur. Ləyaqətli müharibə aparan Azərbaycana Ermənistandakı qarışıqlıqlar istifadə edib bu ölkəni diz çökdürmək niyyəti də yoxdur. Amma İrəvana xəbərdar edilməlidir, əgər Ermənistanda idarəolunmaz vəziyyət yaransa, bu, həm də Azərbaycana qarşı təhlükə deməkdir. Çünki Qarabağda qanunsuz erməni silahlı dəstələri, həmçinin erməni hərbçiləri kifayət qədərdir və onlar da bu oyunlarda iştirak edə, nəticədə milli təhlükəsizliyimizə təhlükə yarana bilər. Eyni zamanda son zamanlar Kəlbəcər istiqamətində atəşkəsin davamlı şəkildə pozulması da Ermənistandakı başıpozunluğun məntiqi nəticəsidir. Deməli, Azərbaycan birmənalı şəkildə proseslərə seyrçi qala bilməz, əlində silah olan revanşist qüvvələrin dərsini vermək üçün hər an hərəkətə keçə bilər ki, bu da ölkəmizin haqqıdır". 

Nərgiz,

SİTAT.İNFO



Xəbər xətti