Rusiyanı ən çox avtoritar rejimlər dəstəkləyir: Antirusiya birliyi isə çat verə bilər...

12:32 12 May 2022

Rusiyanın Ukraynaya qarşı başlatdığı işğalçı müharibədən sonra bütün dünyadan Kremlə təzyiqlər artmağa başladı. ABŞ və Qrəb tərəfidnən çox kəskin iqtisadi sanksiyalar tətbiq olundu. Bu prosesdən kənarda qalan dövlətlər ən azı Ukrayanaya dəstəyini ifadə etməklə aparılan müharibəyə münasibətini ortaya qoydu. Lakin bəzi dövlətlər bu məsələdə Kremli tək qoymadı və istər birbaşa açıq şəkildə, istərsə də, dolayısı ilə dəstəyini ifadə etdi. 

Bu müharibədə Rusiyanı dəstəkləyən dövlətlər hansılardır və bunu hansı səbəbdən edirlər? 

SİTAT.İNFO-ya açıqlamasında bu sualı cavablandıran siyasi şərhçi, Ağ Partiya sədrinin müşaviri Azər Hüseynov bildirdi ki, Rusiyanı Ukrayna müharibəsi zamanı dəstəkləyən ölkələrin bir qismi avtoritar və ya totalitar rejimlərdir: "Yaxud da ki, əslində Rusiyanı dəstəkləmirlər, 1991-ci ildən ABŞ öndərliyində təkqütblü geosiyasi rejimə etiraz edirlər. Rusiya beynəlxalq hüquq normalarına əməl etməyərək müstəqil Ukraynanın ərazilərinə soxuldu. Kuba, Nikaraqua, Suriya kimi qeyri-azad ölkələr açıq, Çin kimi ölkələr isə ehyamlarla onu dəstəklədi. Belarusdan söz etmək isə artıqdır. Zatən Lukaşenko Rusiya dəstəyi ilə ayaqda dayandı".

A.Hüseynov hesab edir ki, burada Qərbin dəstəyini də yüksək qiymətləndirmək mümkün deyil: "Ancaq məsələ bundadır ki, Avropa Ittifaqı və NATO da Ukraynaya verdiyi yardım isə "get vuruş biz buradayıq" şəklindədir. Amerika da indi lend liz imzaladı. Əslində bu Ukraynanın uzun müddətli borclanmasıdır. Ukrayna bir tərəfdən rus işğalına, digər tərəfdən Qərbin iqtisadi perspektiv "işğalına" məruz qalır. Rusiya Ukraynaya münasibətini açıq militarist formada ifadə edir. Qərb isə cəsarət həbləri ilə Ukraynanı Rusiyanın zəiflədilməsində vasitəyə çevirir. Avropa İttifaqı, NATO daxilində mətbəxdə Rusiya ilə bağlı ixtilaf var. Belə olan təqdirdə Rusiyanı dəstəkləyən ölkələr də cəsarətlənir. Rusiyanı dəstəkləyənlərin öz daxilində insan hüquqları problemləri göz qabağındadır".

Rusiyanı dəstəkləyənlər nədən cəsarətlənir?

Bu sualı cavablandıran siyasi şərhçi bildirdi ki, onlar dünya birliyinin aqibətini müəyyən edən qlobal və transmilli güclərin maraqbazlığından qidalanırlar. "Uyğur qətliamına, digər məsələlərə susan dünyadan cəsarət alırlar. Rusiya və dəstəkçiləri çox gözəl bilir ki, bir müddət sonra antirusiya koalisiyası çat verəcəkdir. Ukrayna məsələsində yeganə doğru addım Türkiyə və Azərbaycan tərəfindən atılır. Çünki humanitar məzmunludur".

Nərgiz,

SİTAT.İNFO



Xəbər xətti