Müharibənin coğrafiyası genişlənə bilər: Rusiya bu dövlətləri də hədəf alıb

13:18 12 May 2022

"Rusiya-Ukrayna müharibəsi faktiki olaraq çərçivədən çıxıb. Nəzərə almaq lazımdır ki, Rusiya indi başqa ölkələrlə də təhdid dilində danışır".

Bu sözləri SİTAT.İNFO-ya açıqlamasında siyasi şərhçi Tural İsmayılov deyib.

Onun sözlərinə görə, Rusiya üzləşdiyi sanksiyaları öncədən proqnozlaşdırırdı: "Bu baxımdan başa düşür ki, onun təhdidlərinə qarşı atılan addımlar Rusiya üçün fəlakətli deyil. Məsələn, Almaniya və Aİ "Şimal Axını 2"-dən imtina edə bilmir. Nə qədər ki, Qərbin Rusiyadan enerji asıllığı var, Rusiya təhdid ritorikasından əl çəkməyəcək".

T.İsmayılov vurğuladı ki, eyni zamanda Qərb bu gün Ukraynaya açıq hərbi dəstəklər verir: "NATO faktiki olaraq müharibədə iştirak etmədiyini desə də, öz hərbi təlimləri, silah və sursatları ilə Ukraynanın yanındadır. Hələ gizli formada olan dəstəklər də bir faktordur. Bu gün ABŞ və Aİ Ukraynaya milyardlarla dollar hərbi yardımlar edir. Tarixdə ikinci dəfə ABŞ "Lend Liz" qanununu imzaladı. Nəticədə demək olar ki, savaşın coğrafiyası çoxdan Rusiya-Ukrayna anlayışını keçib".

Siyasi şərhçi hesab edir ki, savaşın təsirləri hər keçən gün böyüyür: "Eyni zamanda hazırda İsveç və Finlandiyanın da NATO üzvlüyü ciddi səslənir. Savaşın psixoloji təsirləri və postmüharibə dövrünün proqnozları vəziyyətin gərgin olacağını göstərir. İstənilən halda Üçüncü Dünya Müharibəsi istisna olsa da, savaşın coğrafı arealı ideoloji, hərbi və iqtisadi mənada hər keçən gün böyüyür".

Nərgiz,

SİTAT,İNFO



Xəbər xətti